Valideynlər rektora hücum çəkdi: «Pulumuzu geri qaytarın»

Valideynlər rektora hücum çəkdi: «Pulumuzu geri qaytarın»

Yusif Yusifov çıxılmaz vəziyyətə düşüb, İldırım Qasımov günahı Yəhya Namazovun üzərinə atır

Xəbər vermişdik ki, Gəncə Dövlət Universitetində tələbələr aylığa buraxılır və bunun üçün onlardan pul alınır. Hətta bəzi tələbələrin adları belə oxuculara təqdim olunmuşdu. JAM.AZ xəbər verir ki, fizika-riyaziyyat fakultəsinin dekanı İldırım Qasımovun həyata keçirdiyi «plan» artıq problemə çevrilib.

Bununla bağlı JAM.AZ-a verilən məlumatda vurğulanır ki, aylığa çıxarılmış tələbələrin geri qaytarılması və dərsdə iştirakının təmin olunmasından sonra valideynlər GDU-ya hücum çəkiblər. Belə ki, ötən həftənin son günlər bir qrup valideyn GDU-nun rektoru Yusif Yusifovun otağının qarşısında toplaşaraq, onunla görüşmək istədiklərini bildiriblər. Rektor isə məsələnin nədən ibarət olduğunu öyrəndikdən sonra onları qəbul etməkdən boyun qaçırıb.

Məlumata görə, valideynlər rektordan hər ay uşaqlarının adına alınmış aylıqların geri verilməsini tələb edirlər. Onlar əvvəlcədən belə razılaşmadıqlarını bildirir və indiyə qədər verdikləri pulların geri ödənilməsini istəyirlər.

JAM.AZ-a daxil olan məlumatda deyilir ki, artıq GDU-nun fizika-riyaziyyat fakultəsinin dekanı İldırım Qasımovun kabinetində hər gün vur-çatlasın yaşanır. Belə ki, validyenlər Yusifovun qəbuluna düşə bilmədiklərindən dekanın qapısına üz tuturlar. İldırım Qasımovla müavini Yəhya Namazov isə onları sakitləşdirə bilmir. Amma…

İşin əmması odur ki, İldırım Qasımov da bu qalmaqaldan yaxasını qurtarmaq üçün günahkar tapıb. Belə ki, o, validyenlərə ona pul vermədiklərini deyərək, həmin məbləği Yəhya Namazovdan tələb etmələrini bildirir. Dekanın bununla problemdən yaxa qurtarmaq istədiyi vurğulansa da, baş tutacağı inandırıcı görünmür. Çünki bu prosesdə rektorun da adı hallanır və alınmış aylıqların böyük bir qisminin Yusifova verildiyi deyilir.

O da qeyd olunur ki, İldırım Qasımovla Yəhya Namazov kirvədirlər. Üstəlik, Namazova tələbələr maraqlı bir ləqəb də veriblər: Güdükçü Yəhya…

Qarşı tərəfi də dinləməyə hazırıq.

7-12-2015, 18:58



Fikirlər