İmişlidə əmək haqqı maxinasiyaları

İmişlidə əmək haqqı maxinasiyaları

İddialara görə, bu maxinasiyalardan ən çox yararlanan şəxs Maliyyə İdarəsinin müdiri Rəhim Rəhimovdur

Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda İmişli rayonu Maliyyə idarəsində yer almış çeşidli qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Bildirilir ki, qurumun rəhbəri Rəhim Rəhimov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, törədilən müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallara davamlı olaraq yol verilir. Aldığımız məlumatlar əsasında hazırladığmız ötən materiallarda da artıq qeyd olunmuşdu ki, bu gün İmişli rayonunun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Belə ki, Rəhim Rəhimov rəvac verdiyi müxtəlif maxinasiyalar vasitəsilə bu vəsaitlərin külli-miqdarda mənimsənilməsinə yol açır. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, yuxarı instansiyalara təqdim olunan hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir. Yerli mənbələr tərəfindən xüsusi olaraq qeyd olunur ki, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə idarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, İmişli rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə, həm də qərəzli şəkildə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Bu gün də redaksiyamıza daxil olan məlumatlarda R.Rəhimovun İmişlinin bəzi dövlət idarələrində rəhbər vəzifələrdə çalışan öz qohumları ilə əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair maraqlı açıqlamalar təqdim olunmaqdadır. İddialara görə, İmişli rayon Maliyyə idarəsinə rəhbərlik edən Rəhim Rəhimov özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Bəzi mənbələr isə israrla belə bir məqamı da vurğulayırlar ki, dərc etdiyimiz materiallarda qeyd edilən nöqsanlardan bir çoxu müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı aşkar olunsa da, nədənsə təqsirkarların cəzalandırılması istiqamətində bu günədək konkret addımlar atılmayıb. Öz növbəsində bu vəziyyət də bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsinə yol açır. Bu baxımdan İmişli rayonu Maliyyə idarəsinin fəaliyyətində müşahidə edilən bəzi maxinasiyalar da xüsusilə diqqəti cəlb edir. Bu xüsusda aldığımız yeni məlumatlarda vurğulanır ki, hazırda Rəhim Rəhimov rayonda fəaliyyət göstərən əksər idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bircə adam belə qəbul edilməməlidir. Eyni zamanda da hamıya xəbərdarlıq edilib ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qoyulacaq. Başqa sözlə desək, Rəhim Rəhimov faktiki olaraq rayonda işədüzəltmə xidmətlərində əsil monopoliya əldə edib. Bunun isə birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. O cümlədən İmişli rayonunun müəssisə və qurumları da belə maxinasiyalardan xali deyillər. Maliyyə idarəsinin müdiri isə, bundan xəbər tutduqdan sonra həmin işə götürənlərə şərik olmaq qərarına gəlib. Belə ki, açıqlamalara görə İmişlinin maliyyə şefi müəssisə rəhbərlərinin bu yolla mənimsədikləri əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, Rəhim Rəhimov yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir. İmişlidəki qaynaqlarımız isə bu fikirdədirlər ki, məhz Maliyyə Nazirliyinin rayonda yaranmış vəziyyətə liberal münasibəti Rəhim Rəhimov tərəfindən törədilən yeni-yeni özbaşınalıqlara rəvac vermiş olur.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

12-10-2015, 15:48



Fikirlər