İcra başçısının "Rolls-Roys"una aydınlıq gətirildi

İcra başçısının "Rolls-Roys"una aydınlıq gətirildi

“Rolls-Roys Fantom avtomobili Arif Qasımova məxsus deyil”

Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl “Laçın” ticarət mərkəzinin rəhbərliyi ilə yol polisi arasında mübahisə yaranmışdı.

Mübahisəyə səbəb yol polisinin “Laçın”ın qarşısındakı dayanacağa parkomat qoymaq istəməsi olmuşdu.

Polis həmin meydançada maşınların dayanmasını qadağan etmişdi. Ticarət mərkəzinin rəhbərliyinin əsas arqumenti bu idi ki, həm müştərilər, həm də “Laçın”da alver edənlər maşınlarını bu dayanacaqda saxlayırlar. “Bu qadağa ticarət mərkəzinin müştərilərinin sayının azalmasına səbəb olacaq” – deyə rəhbərlik bildirib.
Sonradan bu mübahisə böyüyüb. Ticarətçilər etiraz olaraq yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə Nizami Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Arif Qasımov gəlib. Bundan sonra mövzu dəyişdi. Bəzi saytlar yazdılar ki, başçı hadisə yerinə 400 minlik Rolls-Roys Fantom maşını ilə gəlib. Saytlarda həmin avtomobilin fotosu da yayılıb.
Bu iddia ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən maşın Arif Qasımovun deyil. Həmçinin deyilib ki, icra başçısı məlum hadisə zamanı əraziyə özünün xidməti avtomobili ilə gedib.
Araşdırmalar zamanı o da məlum olub ki, Rolls-Roys Fantom maşını “Laçın” ticarət mərkəzinin sahibi Məsud Vəliyevə məxsusdur.

12-10-2015, 15:47



Fikirlər