İlham Əliyev: “2016-cı il asan il olmayacaq, bunu bilməliyik...”

İlham Əliyev: “2016-cı il asan il olmayacaq, bunu bilməliyik...”

Azərbaycan prezidenti İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verdi ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub.

Xəstəxana ilə tanışlıqdan sonra prezident tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və çıxış edib:“Dünyanın ən qabaqcıl tibb mərkəzlərində hansı avadanlıq varsa, burada da var. Belə də olmalıdır. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar.Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin”.
İlham Əliyev ölkədəki dərman vasitələrinin qiymətindən də danışıb:

“Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranmışdır. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.

Biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var”.

Dövlət başçısı Azərbaycandakı iqtisadi vəziyyəti də şərh edib:

“Həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmamışdır. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır.
Bu yaxınlarda mən Ağsu rayonunda səfərdə idim. Gördüm ki, vaxtilə orada mənim təşəbbüsümlə başlanmış xəstəxana binasının tikintisi yarımçıq qalıb. Maraqlandım, dedilər, vəsait problemdir, yəni, yoxdur. Bakıya qayıdan kimi dərhal Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldı ki, orada o işlər başa çatsın. Yəni, güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma - budur insanların normal həyatı üçün lazım olan əsas amillər”.

Ölkə başçısı qarşıdan gələn il üçün olan proqnozlar barədə də danışıb:
“Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq”.

9-10-2015, 23:59



Fikirlər