İki körpənin qatili hələ də azadlıqda gəzir

İki körpənin qatili hələ də azadlıqda gəzir

Vasif Turanın övladlarının yanaraq, tələf olmasından 4 il keçir: “Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar”

Tanınmış jurnalist, BTV onlayn telekanalının və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 4 il keçir. Söhbət 4 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular.

Bu məşum və dəhşətli gecədə Vasif Turanın Qonudakı evində qəfil yanğın hadisəsi baş verib. Yaxınlıqda yaşayan qayınanası gilə həyat yoldaşı ilə birlikdə gedən baş redaktor heç 10 dəqiqə keçməmiş evinin yandığı xəbərini alır. Həmin müdhiş anı Vasif Turan belə xatırlayır: “Həyat yoldaşımla birlikdə qayınanam gilə getmişdik. Evlərimiz arasında məsafə də elə uzaq deyildi. Rayondan bizə sovaq göndərmişdilər. Onun almaq üçün getmişdik. Heç 10 dəqiqə deyildi ki, qayınanam gilə çatmışdıq ki, xəbər gəldi evimiz yanır. Təcili geri döndük, uşaqlar evdəydi. Onları yatırdıb çıxmışdıq. Bizim geri dönüşümüz də ən çoxu 5 dəqiqə çəkərdi. Evə yetişəndə gözlərimə inanmadım. Çünki qısa müddətdə evin bu qədər sürətlə yanması mümkün deyildi. Uşaqları çıxarmağa çalışdıq. Dəfələrlə evə girmək istədim. Əllərim, qollarım yandı. Amma…”

Özünü saxlaya bilmir. Büllur kimi göz yaşları yanaqlarından axıb tökülür. O anı danışdıqca həmin halı bir də yaşadığını deyir. Bir an belə hadisəni unuda bilmədiyini deyir. Vasif Turan deyir ki, övlad itkisinin acısı onu tez qocaltdı. “Mən müharibə görmüş adamam. Ən ağır döyüşlərdə olmuşam. Yaralanmışam. İtkinin nə olduğunu hələ gənckən bilirdim. Amma övlad dərdi başqa bir dərddir. Heç cür qaldırmaq olmur”.

Baş redaktor deyir ki, Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür. “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”.

Vasif Turan 4 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir. Bildirir ki, bu müddət ərzində FHN-in İstintaq İdarəsi və Baş Prokurorluq dəhşətli olayı araşdırıblar. Amma hələ də ortada heç nə yoxdur. “İndiyə qədər dəfələrlər istintaqa çağırılmışam. Övladlarımın ölümü ilə bağlı bütün şübhələrimi, ehtimallarımı, təxminlərimi, mümkün dəlilləri istintaqa təqdim etmişəm. Di gəl, heç bir nəticə əldə etmək mümkün olmayıb. Ümid edirəm ki, istintaq orqanları bu cinayətin üstünü tezliklə açacaqlar. Mənim də bundan sonar ürəyim təskinlik tapar ki, cinayətkarlar yaxalandı və cəzalarını aldı”.

Bolgexeber.com

8-10-2015, 07:43



Fikirlər