Zərdabın icra başçısı seçkilərdən geri çəkildi

Zərdabın icra başçısı seçkilərdən geri çəkildi

Jalə Əliyevanın qarşısında aciz qalan Lütfəli Babayev qardaşını irəli verib

Ötən günlərdə xəbər vermişdik ki, Zərdabın icra başçısı Lütfəli Babayev də deputat olmaq üçün çalışır. Hətta onu da bildirmişdik ki, DSK-dan imza vərəqləri götürərək, imza toplatdıran icra başçısı həmin vərəqlərin yuxarı hissəsini boş buraxaraq, Bakıdan alacağı razılığı gözləyirmiş.

Məlumatda iddia edilirdi ki, imzaların toplanılmasını Zərdab şəhər İcra Nümayəndəliyinin başçısı Hafiz Kərimov və icra başçısının müavini Pərviz yığırmışlar.

JAM.AZ-a verilən məlumata görə, Babayev son ana qədər dirənsə də, istəyinə nail ola bilməyib. Bakıdan gələn təlimata əsasən icra başçısı geri çəkilməli və oradan Jalə Əliyevanın deputat seçilməsinə yardımçı olmalıdır.

Vəziyyətin bu qədər dəyişməsini görən Zərdabın icra başçısı pərt olmamaq üçün yığdırdığı imzaları qardaşının adına qeyd etdirib. JAM.AZ-a verilən məlumata görə, Babayevin qardaşı Xanəli hazırda Mingəçevir şəhərinin axundudur və onun namizədliyinin irəli sürülməsi nəzərdə tutulub. Halbuki qanunvericiliyə görə, din xadimlərinin seçkilərə namizəd olaraq qatılması qadağandır.

Bundan başqa, Lütfəli Babayevin hazırda yaxın adamları vasitəsi ilə rayonda Jalə Əliyevanın əleyhinə təbliğat apartdırdığı da iddia olunur. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Zərdabın icra başçısı deputatın yenidən mandat qazanacağına şübhə etməsə də, onu nüfuzdan salmaqla zərər verə biləcəyini düşünür.

Qarşı tərəfi də dinləməyə hazırıq.

5-10-2015, 19:32



Fikirlər