Xaləddin İsgəndərovun rayonunda paradoks - FOTO

Xaləddin İsgəndərovun rayonunda paradoks - FOTO

Binəqədi rayonu ərazisində ağacların kəsilməsi sakinləri narahat edir.

Bununla bağlı musavat.com-a müraciət edən rayon sakinləri bildiriblər ki, binalarının qarşısında olan ağacları kəsən işçilər, ərazidə park salındığını bildiriblər. Amma park salınan ərazidə niyə ağacların kəsildiyini izah edə bilməyiblər.

Sakinlərin müraciətini nəzərə alaraq, adı çəkilən ünvana yollandıq. "Azadlıq prospekti" metro stansiyasının çıxışına yaxın ərazidə yerləşən Süleyman Sani Axundov küçəsi 4 ünvanında qızğın iş gedirdi.

Ərazidə iş maşınları və fəhlələr dayanmadan çalışırdılar. Onlardan burada nə iş görüldüyünü soruşduq və cavab olaraq, "Park tikirik. Bina sakinlərinin istirahət edə biləcəkləri bir yer olacaq. Uşaqlar üçün kiçik attraksionlar da qoyulacaq. Və bunlarla yanaş,ı 2 üstü qapalı oturmaq üçün skamyalar da qoyulacaq".

- Sakinlər deyirlər ki, buradakı ağacların böyük hissəsi kəsilib.

- Yox, qətiyyən elə deyil. Heç bir ağaca əl vurmamışıq və elə bir niyyətimiz də yoxdur. Əksinə, biz ağac əkəcəyik.

Əgər ərazinin əvvəlki vəziyyətini görməsəydik bu sözlərə inana bilərdik.
Xaləddin İsgəndərovun rayonunda paradoks - FOTO
Tikinti işləri gedən ərazidə məlumat lövhəsi də qoyulub. Lövhədə burada park salınacağı və görülən işlərin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparıldığı qeyd edilib. Bəhs etdiyimiz ünvanda parkın salınacağı düzdür. Amma bu o demək deyil ki, ərazidə olan ağaclar kəsilməlidir.
Xaləddin İsgəndərovun rayonunda paradoks - FOTO
Parkın əvvəlki fotolarını əldə etdik və gördük ki, ərazidə yetərincə ağac məhv edilib. Ərazinin abadlaşdırılması, park salınması yaxşı təşəbbüsdür. Amma bu işləri ağacları məhv edərək görmək düzgün deyil. Normalda işlər başlamadan öncə, yeni parkın dizayn formasına mane olacaq ağaclar başqa bir yerə köçürülməli idi. Lakin görünən budur ki, işçilər daha asan yola əl atıblar. Ağacları kəsərək, işlərini rahatlaşdırıblar.

Sakinlər parkdan razı, görülən işlərdən isə narazıdırlar: "Burada 50-dən çox ağac vardı. Çoxu da meyvə gətirən gənc ağaclar idi. İndi 5-6 ədəd ağac qalıb. Onların da bəzilərinə artıq zərbə endiriblər. İş maşınlarını sürənlər baxmırlar, ağacı zədələyirlər. Sonra da deyəcəklər ki, "Yaşlı ağac idi, kəsdik". Park salırlar, yaxşı edirlər. Bizi düşünürlər. Amma ağacları niyə kəsirlər? Yaşıllıqsız, ağacsız park olar? Onların süni, heç bir şeyə faydası olmayan ağacları bizə lazım deyil. Ağac kəsəndən park düzəldən olmaz".

Şikayətçilərin sözlərinə görə, parkın düzəlməsində başqa səbəblər var: "Bu qədər ağacı kəsib, süni otlarla əhatə edilmiş, 3-4 ağac olan park tikəcəklər. Sonra parkın ərazisində çayxana, dükan, market və sairə obyektlər... Bilsək ki, sonda sadəcə səliqəli park olacaq, ürəyimiz də rahat olar. Amma bura Binəqədi olduğu üçün insan heç nəyə əmin ola bilmir. Gecə yatırsan, səhər baxırsan ki, balkonunda ev tikirlər. Hər şey ola bilər".

Əldə etdiyimiz məlumata görə, görülən işlərə nəzarət edən Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin müvəqqəti rəisi Vahid adlı şəxsdir. Bundan öncəki MKİS-nin rəisi Nizami Orucov mayın 21-də yanan binaya görə, barəsində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Deyəsən bu vəzifəyə gələnlər öz işlərinin məsuliyyətini anlamırlar. Park salarkən, ağac kəsmək hansı qaydalara uyur?

21-09-2015, 09:28



Fikirlər