Mixail Lermontovun 200 illik yubileyinə həsr olunmuş musiqili gecə keçirilib

Mixail Lermontovun 200 illik yubileyinə həsr olunmuş musiqili gecə keçirilibTədbirdə Azərbaycanın birinci xanımı da iştirak edib.

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib.

RealNews.az AzərTAc-a istinadən məlumatına görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov əvvəlcə Heydər Əliyev Mərkəzində görkəmli şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar. 2014-cü ildə böyük rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 200 illiyi bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda bu münasibətlə müxtəlif tədbirlər keçirilib. Görkəmli şairin 200 illiyinə həsr olunmuş sərgi də bunların sırasındadır. Sərgi iki xalq arasında mədəni əməkdaşlığa da töhfəsini verir.

Tədbirin rəsmi hissəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək M.Lermontovun yaradıcılığının dünya mədəniyyətinə böyük töhfə verdiyini deyib: “Onu həm Qərbdə, həm də Şərqdə sevirlər. Lermontovun poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır. Hamıya məlumdur ki, Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının parlaq rəngləri onu bir rəssam və şair kimi çox ruhlandırıb. O, öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib. Hətta onun qəhrəmanlarının çoxu Azərbaycan, Gürcüstan, Çeçenistan və Dağıstanın həqiqi sakinləri olub. O, həm də bizə mədəni müxtəlifliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərib. Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar. Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. Hətta onun özü qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir.

L.Əliyeva qeyd edib ki, böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontovun müəllimi olub: “ Onları həm mehriban və səmimi dostluq, həm də böyük Puşkinin istedadına hədsiz məhəbbət və ehtiram hissi bağlayıb. Zənnimcə, bu, Azərbaycan ilə Rusiyanı birləşdirən köklərin nə qədər qədim və dərin olduğunu bir daha vurğulayır. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda Lermontovu çox sevirlər. Bakıda mərkəzi küçələrdən biri onun adını daşıyır, Qusar şəhərində isə Lermontov muzeyi fəaliyyət göstərir. Bu, şairin qaldığı həmin evdir. Bu gün şairin yubileyini qeyd edən Azərbaycan ona ehtiramını nümayiş etdirir, məhəbbətini bəxş edir”.

“Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov çıxış edərək ailəsi adından minnətdarlığını bildirib. Qeyd edib ki, ilk dəfədir Rusiyadan kənarda görkəmli rus şairinin 200 illik yubileyi ilə bağlı bu cür yüksək səviyyədə tədbir keçirilir. Şairin yaddaqalan əsərlərinin Qafqazda ərsəyə gəldiyini deyən Mixail Lermontov vurğulayıb ki, Azərbaycanda şairin yaradıcılığına bəslənilən hörmətdən çox məmnundur.

Sonra tədbirin bədii hissəsi başlayıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellasının müşayiəti ilə Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimlərinin ifasında şairin yaradıcılığı ilə bağlı əsərlər, filmlərdən fraqmentlər və şeirlər səslənib. Tədbirin sonunda Lermontovun “Mələk” əsərinin dünya premyerası olub. Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edən tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoyla görüşüb. Onlar Azərbaycanın birinci xanımına Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirildiyinə görə minnətdarlıqlarını ifadə ediblər.

25-12-2014, 19:03



Fikirlər