“Avqust devalvasiyası” - icra başçısı 2 milyon dollar aldı

“Avqust devalvasiyası” - icra başçısı 2 milyon dollar aldı

Mərkəzi Bank aylıq dollar limitini 4 günə kimlərə satıb?; Bakıda bəzi iri şirkət rəhbərləri və hakimiyyətə yaxın varlı adamlar evlərinə az qala bank kisələri ilə dollar daşıyıblar; manatın yenidən dəyərdən düşəcəyi xəbəri məmur-oliqarxlara niyə və hansı məqsədlə ötürüldüyü sualı hələ ki açıq qalır...

Avqustun sonunda manatın yenidən devalvasiya olacağı barədə xəbərlər ölkənin pul-maliyyə sektorunda ciddi gərginlik yaratmışdı. Mərkəzi Bankın “həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur” bəyanatı valyutadəyişmə məntəqələrində ajiotajı qismən yatırdı. Mərkəzi Bankın bunun ardınca yaydığı məlumat isə yaranmış gərginliyin heç də təsadüfi olmadığını göstərdi. Məlum oldu ki, ajiotajın yaşandığı 4 gündə Mərkəzi Bank ölkə banklarına düz 900 milyon dollar satıb. Bu isə aylıq göstəricidən də çoxdur. Yəni Mərkəzi Bankın bir aya banklara verdiyi vəsait 4 gündə alınıb...

Aydındır ki, ajiotaj və dollara tələbatın kəskin artmasının bir səbəbi də qəfil devalvasiyadan gözü qorxmuş əhalinin əlində və ehtiyatında olan milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlı idi. Amma bu qədər iri məbləği əhalinin tələbatı üçün ayrıldığı və əhalinin aldığı fantastik görünə bilərdi. Aydın idi ki, ortada Azərbaycanın varlı təbəqəsinin “dollara sevgisi” dayanırdı. Həmin günlər iri bankların valyutadəyişmə məntəqələrinin qarşısında saatlarla növbə çəkən qalstuklu sürücülərə, Bakının ən modern maşınlarının sahiblərini görmək mümkün idi.

Təsadüfi deyil ki, fevralın 21-də manat ucuzlaşdıqdan sonra prezident İlham Əliyev bu məsələyə toxunaraq maraqlı açıqlama vermişdi. Prezident demişdi ki, bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə ediblər. “Sadəcə, bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində günə azı 500 milyon dollar bazardan alınıb” deyə, prezident bildirmişdi. Manat “avqust devalvasiyası” təhlükəsi ilə üzləşdikdə də eyni vəziyyət yaşanıb, hətta daha 400 milyon dollar əlavə bazara buraxılıb. Sonrakı günlər valyuta bazarında stabilliyin yaranması da onu göstərdi ki, xüsusilə paytaxt Bakıda valyuta qıtlığına səbəb müəyyən varlı təbəqənin əllərində olan nağd manat vəsaitlərini bazara çıxararaq külli-miqdarda dolları almasıdır.

Redaksiyamıza daxil olan məlumata görə, Bakıda bəzi iri şirkət rəhbərləri və hakimiyyətə yaxın varlı adamlar evlərinə az qala bank kisələri ilə dollar daşıyıblar. Manatın yenidən devalvasiya olacağı barədə xəbərlərin məmur-oliqarxlara və onlara yaxın varlı şəxslərə niyə və hansı məqsədlə ötürüldüyü sualı hələ ki açıq qalır. Çünki valyuta bazarında panikanı məhz onlara ötürülmüş “mötəbər informasiya” yaradıb və bir çoxları da bu xəbərlərə inanaraq əllərində olan manatı təcili dəyişdirməyə başlayıblar.

Daha bir sensasion məlumat isə Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlıdır. Bir mənbənin iddiasına görə, E.Vəliyevin tapşırığı ilə bankların birindən ona məxsus olduğu deyilən 2 milyon manat dollarla dəyişdirilib. Gəncənin polis rəisi Faiq Şabanovun da təxminən 500 min manatı dollara çevirib.

Əlbəttə, hamı kimi vəzifəli adamların da pul saxlamaq, onu istədiyi kimi xərcləmək və istədiyi valyutaya dəyişmək haqqı var. Amma nəzərə almaq lazımdır ki, maliyyə bazarında bu cür panikaların zərbəsi günahsız əhaliyə dəyir. Camaat dollarla kredit borcunu düşünür, bir qismi əlində olan sonuncu ehtiyatı belə dollara çevirmək üçün saatlara növbədə durur, əsəb gərginliyi və mənəvi sarsıntı keçirir...

Ən əsası, bu cür vəziyyətlərdə ölkənin maliyyə təhlükəsizliyinə ciddi ziyan dəyir.

“Yeni Müsavat”

6-09-2015, 09:56



Fikirlər