«Təzə Bazar» MMC-də dəhşətli intihar

«Təzə Bazar» MMC-də dəhşətli intihar

Məmmədağa İbrahimov qadının ölümünə səbəb oldu

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Belə ki, əldə edilən məlumatlara görə, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən «Bakı Mərkəzi Bazar» MMC-nin («Təzə Bazar») balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü Xatirə Nadir qızı İmanova özünü yandırıb.

Verilən məlumatda qeyd olunur ki, 36 yaşlı qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də, buna nail ola bilməyiblər. Xatirə İmanova bazardaca yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Xatirə İmanova «Təzə Bazar» MMC-nin rəhbəri Məmmədağa İbrahimovun qəbuluna düşə bilmədiyi üçün özünə qəsd edib: «Xatirə İmanova «Təzə Bazar» MMC-də çalışırdı. İndiyədək onun başına olmazın müsibətlər açılıb və buna görə məhz «Təzə Bazar» MMC-nin rəhbəri Məmmədağa İbrahimov cavabdehlik daşıyır. Mərhum qadın bir neçə dəfə Məmmədağa İbrahimovun qəbuluna düşməyə, üzləşdiyi problemləri yoluna qoymağa çalışıb. Lakin qarşı tərəf hər dəfəsində müxtəlif bəhanələrlə onunla görüşməkdən imtina edib. Sonuncu dəfə isə qadın bazar rəhbərliyinin saymazyana münasibətindən əsəbləşib və üstünə benzin tökərək özünə od vurub. Odur ki, Xatirə İmanovanın ölümünə görə «Təzə Bazar» MMC-nin rəhbəri Məmmədağa İbrahimov məsuliyyət daşıyır».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

14-08-2015, 18:33



Fikirlər