İsmayıllıda icra başçısı yaşıllıqların qəsdinə dayanıb

İsmayıllıda icra başçısı yaşıllıqların qəsdinə dayanıb

İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovun fəaliyyəti sakinlərin narazılığına səbəb olub. Əldə etdiyimiz məlumatlara görə, İsmayıllı rayon icra başçısının qanunsuz əməlləri artıq rayon camaatını cana yığıb. İstirahət mövsümü olduğundan rayon camaatı öz torpağında istirahət etməkdən məhrum olub. Belə ki, icra başçısı sakinlərin istirahət üçün meşələrdən, yaşıllıqlardan istifadə etməsinə imkan yaratmır.

Bizə verilən məlumata görə, yaşıllıqlar istifadə üçün sakinlərə nəyinsə müqabilində verilir. Əldə etdiyimiz məlumata görə, Mirdamət Sadıqov İsmayıllı torpaqlarını iş adamlarına sataraq qazanc əldə edir. Bundan başqa icra başçısı başda olmaqla aidiyyəti qurum rayondakı yaşıllıqlara qənim kəsilib. İsmayıllı meşələrinin taleyi də təhlükə altındadır. Etibarlı mənbələrin verdiyi məlumata görə, yaşıllıqların məhv edilməsi rayonun Yaşıllaşdırma İdarəsinə yeni təyin edilmiş müdir tərəfindən həyata keçirilir.

Məlumata görə, Yaşıllaşdırma idarəsinin müdiri Sadıq Bağırov rayon mərkəzindəki yaşıllıqları təmizlik adı ilə kəsib taxta sexlərinə satır. Məsələ ilə əlaqədar vətəndaşların şikayətini nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı bölgəsində yerləşən regional idarəsindən bildiriblər ki, onun qanunsuz əməlləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara baxmayaraq, qanunsuz əməllər davam etməkdədir.

İcra başçısı rayona ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. Ona görə də ayrılan dövlət büdcəsinin taleyi məlum deyil. Hazırda rayonda kənd təsərrüfatının durumu iflic vəziyyətdə olduğu üçün sakinlər də əziyyət çəkirlər.

Gündəlik Bakı-ya müraciət edənlərin sözlərinə görə, sakinlər sosial problemlər içərisində çabalasa da, icra başçısı heç nə olmamış kimi öz işində-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədrləri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam edir. Bəzi bələdiyyələrin sədrləri icra başçısına arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kəndlərin sakinlərinə təsir və təzyiqlər edirlər.

Ümumiyyətlə, bu gün təkcə bir kənddə deyil, İsmayıllının əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır. Saysız-hesabsız problemlər məngənəsində sıxılan sakinlər deyəsən qarşıdan gələn növbəti qışı da qazsız keçirməli olacaqlar. İcra başçısı dəfələrlə rayonda qaz probleminin birdəfəlik həllini tapacağını desə də, ortada heç bir nəticə yoxdur. Camaat artıq neçə ildir, odun və yanacaq sarıdan da əziyyət çəkir. Etibarlı mənbənin verdiyi məlumata görə icra başçısının yerli sahibkarları incidərək, onlardan aldığı pullarla bir sıra tikinti işlərini həyata keçirdiyi də üzə çıxıb. Bütün bunlar onu göstərir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı etimadı doğrultmadığından yaxın vaxtlarda vəzifəsinə əlvida deyə bilər.

Bundan başqa bizə verilən məlumatlara görə, icra başçısı bir sıra məmurların qanunsuz əməllərinə göz yumur. Elə bunun nəticəsidir ki, məmur özbaşınalığı durmadan artır. Bir sıra sahələrdə çatışmazlıqlar yaşanır. Bütün bunlar da icra başçısının fəaliyyətinin kafi olduğunun, rayondakı vəziyyətin ürəkaçan olmamasının göstəricisidir. Rayon sakinlərinin sözlərinə görə, başçı kəndlərin problemlərinə diqqət göstərmir.

6-08-2015, 10:48



Fikirlər