Qızılın taleyi necə olacaq?

Qızılın taleyi necə olacaq?Dünya bazarında bir qayda olaraq dolların dəyərinin artması qızılın ucuzlaşmasına səbəb olur. Hazırda neftin ucuzlaşması səbəbindən iqtisadi çətinliklərlə üzləşən ölkələr qızıl ehtiyatlarını valyutaya çevirmək istədiyindən qızıl dəyərdən düşür. Ekspertlər qızılın ucuzlaşmasının növbəti ildə də davam edəcəyini bildirirlər.

“Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev deyir ki, qızılın bir unsiyası 850 dollara qədər ucuzlaşa bilər: “Qızıl tarix boyu ən etibarlı aktiv olub. Sonuncu qlobal iqtisadi böhran zamanı hər kəs qızıl ehtiyatını artırmağa çalışırdı. Çünki neft ucuzlaşırdı, dollar sabit deyildi, bu zaman daha çox qızıl almağa çalışırdılar. Qızılın qiyməti bu zaman kəskin surətdə artdı, 1900 dollara qədər qalxdı. 2013-cü ildən başlayaraq qızılın qiyməti düşməyə başlayıb. 2014-cü ilin əvvəllərində nisbətən qiymət artımı olsa da, mart ayından sonra yenidən ucuzlaşdı”.

Ekspert deyir ki, qızılın ucuzlaşmasının səbəbi hazırda dolların bahalaşması ilə bağlıdır: “Dünya bazarında bir qayda olaraq, dollar bahalaşanda qızıl ucuzlaşır. Noyabr ayında qızıl bir qədər ucuz idi. Hazırda qızılın bir unsiyasının qiyməti 1196 dollar təşkil edir. İndi yenidən ucuzlaşma gedir. Hətta növbəti ilin əvvəllərində qızılın bir unsiyasının 850 dollara qədər ucuzlaşacağı gözlənilir. Çünki bir çox ölkələr valyuta qıtlığı ilə üzləşirlər və ehtiyatlarında olan qızılı satışa çıxarırlar. Rusiya artıq bu varianta əl atıb, bu haqda məlumatlar yayılmaqdadır”.

Samir Əliyevin fikrincə, dünya bazarında qızılın ucuzlaşması Azərbaycana da təsir edəcək: “Çünki Azərbaycanda qızıl çox az miqdarda istehsal olunur və onu da Mərkəzi Bank alıb öz ehtiyatlarına daxil edir. Zinət məqsədilə istifadə üçün qızıl Azərbaycanda istehsal olunmur, xarici ölkələrdən idxal olunur. Bu səbəbdən xaricdə qızıl ucuzlaşdığı üçün Azərbaycanda da ucuzlaşmalıdır. Ancaq bu tipli proseslərdə Azərbaycanda ucuzlaşma ya müşahidə edilmir, ya da cüzi olur. Ancaq bahalaşma daha tez öz əksini tapır. Azərbaycanda qiymət artımı gözlənilmir. Əksinə, az da olsa ucuzlaşma ola bilər”.

23-12-2014, 17:01



Fikirlər