Saatlıda qadın icra nümayəndəsi bir kəndə divan tutur

Saatlıda qadın icra nümayəndəsi bir kəndə divan tutur

Saatlı rayonunun Azadkənd kəndindən olan şikayətçi Səbuhi Abasovun dediklərini dinlədikcə baş verənlərin hüquqi ölkədə yaşandığına inana bilmirsən.

S.Abasov deyir ki, əkin sahəsini suvarmaq üçün su tapmır. Kəndi iki yerə ayıran böyük su kanalı dolu olsa da Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Saatlı rayon Azadkənd nümayəndəsi olan Nazim Cəfərovun istəyi olmadan kimsə əkin sahəsini suvara bilmir: “Nazim Cəfərov pambıq zavodu ilə işləyir. Kim pambıq əkərkən onunla müqavilə bağlayıbsa, onun əkin sahəsinin olduğu kanala su buraxır, qeyrilərinin isə əkin sahələri sussuzluqdan quruyur”.

S.Abasov deyir ki, Nazim Cəfərov əslində kənd adamlarına acıq verir. “Çünki ötən il kənd camaatı icra başçısının müavini İlham Quliyevdən xahiş etdilər, o, da kəndin su kanalını qazdırdı. Bu isə Nazim Cəfərova acıq getdi və bu acığa düşüb camaatı sussuz qoyur. Deyir ki, gedin kanalınızı qazdıran İlham Quliyevdən su istəyin”.

S.Abasov bu haqsızlıqla bağlı Saatlı rayon icra başçısının birinci müavini İlham Quliyevə şikayət edib: “İlham Quliyevə şikayət edəndən sonra Saatlı rayonunun icra hakimiyyətinin Azadkənd kənd ərazi nümayəndəsi Anaxanım Səmədova mənə zəng edib qadına yaraşmayan ifadələr işlətdi, məni küçə söyüşləri ilə təhqir etdi. Sonra da dedi ki, bir də eşitməyim kənddən kiməsə şikayət etməyini, yoxsa, ağzını birdəfəlik yumaram”.

Şikayətçi deyir ki, A.Səmədova kənddə yaşamır. Daimi olaraq Şirvan şəhərində yaşayır. Həftənin ikinci-beşinci günləri isə rayona gəlir:

“Deməli, hər həftənin beşinci-ikinci günləri icra başçısının ictimayətlə görüş günüdür. Həmin günlər Anaxanımm Səmədova rayona gəlir və icra hakimiyyətinin qarşısında dayanır ki, icra başçısı ilə görüşmək istəyənlərin qabağını kəsib kimin niyə gəldiyi ilə maraqlanır. O, icra başçısının göstərişinə də məhəl qoymur”.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

"Xeber.İnfo"

15-07-2015, 09:50



Fikirlər