Azərbaycanlı alimlər cəmiyyətə çağırış etdilər

Azərbaycanlı alimlər cəmiyyətə çağırış etdilərBakıda keçirilən Azərbaycan alimlərinin I Qurultayının iştirakçıları Bəyannamə qəbul ediblər.
Trend xəbər verir ki, alimlər Azərbaycanda dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmalarda “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarından irəli gələn vəzifələrin rəhbər tutulmasını bəyan ediblər.

Bəyannamədə bildirilir ki, onlar fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin enerji, informasiya, ərzaq və iqtisadi təhlükəsizliyinin qorunmasında, müdafiə qüdrətinin gücləndirilməsində elmin yaxından iştirakının təmin edilməsi, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini zəruri sayırlar.

Alimlər qeyd ediblər ki, beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən, yüksək texnologiyalara (nüvə, info, bio, nano və s.) dair araşdırmaların ölkəmizdə də aparılmasının təmin edilməsi, həmçinin Azərbaycan elminin nailiyyətlərinin xarici ölkələrdə tanıdılması baxımından beynəlxalq elmi əlaqələrin inkişafını olduqca zəruri hesab edir, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsini vacib hesab edirlər.

Onlar müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafının vacibliyini qeyd edir, onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində səyləri birləşdirməyə çağırırlar.

Sənəddə qeyd olunur ki, qurultay iştirakçıları son illər respublikanın müxtəlif sosial-iqtisadi sferalarında İKT-nin geniş tətbiq olunduğunu və ölkəmizdə informasiya cəmiyyətinin müvəffəqiyyətlə formalaşdığını qeyd edir, bu sahədəki işlərin daha da inkişaf etdirilməsi üçün ölkə üzrə elm və təhsil şəbəkə infrastrukturlarının genişləndirilməsi, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatının ödənilməsi və s. kimi istiqamətlər üzrə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyini vurğulayırlar.

Alimlər “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsində yaradıcı və innovativ təfəkkürə malik intellektual gəncliyin strateji əhəmiyyət daşıdığını diqqətə çatdırır, belə bir hədəfə çatmaq üçün Azərbaycan gəncliyinin rəqabətqabiliyyətli elmi biliklər əldə etməyə və yeni texnologiyalar yaratmağa qadir fəaliyyət enerjisinin, intellektual və mənəvi resurslarının səfərbər edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini özlərinə borc bilirlər.

Bundan əlavə, onlar elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

İştirakçılar ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı imzaladığı günün - 15 may tarixinin respublikada “Elm günü” kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılmasını məqsədəmüvafiq hesab ediblər.

Azərbaycanlı alimlər elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi zərurətini qeyd edərək “Elm haqqında” qanunun qəbulu, həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanması zərurətini diqqətə çatdırıblar.

Bəyannamədə o da bildirilir ki, alimlər fundamental elmi araşdırmalarda multidissiplinar yanaşmanın prioritet fəaliyyət istiqaməti olaraq qəbul edilməsini, elmi metodologiya məsələləri ilə bağlı araşdırmaların gücləndirilməsini, elmşünaslığın prioritet elm sahəsi kimi inkişafına hər cür dəstək verilməsini məqsədəmüvafiq hesab edirlər.

Sonda qurultay işitirakçıları elmin populyarlaşdırılması və elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması istiqamətində tədbirlərin daha da gücləndirilməsini tövsiyə ediblər.

19-12-2014, 21:42



Fikirlər