“Azərsu”da korrupsiya həbsinin şok detalları: Babək Həsənovu Qorxmaz Hüseynovla nə bağlayıb?

“Azərsu”da korrupsiya həbsinin şok detalları: Babək Həsənovu Qorxmaz Hüseynovla nə bağlayıb?

“Azərsu” ASC-də talanan milyonlar haqda yeni xəbərlər yayılıb. Bu məlumatlarda vurğulanır ki, mənimsənilən vəsaitlərə görə kimlərsə cavab verməli idi və verdi də.

TİA.AZ-ın məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ASC-də kütləvi yeyintilər aşkarlanıb. Bu, bir müddət əvvəl olub. Bu mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı əməkdaşı həbs olunub.
Araşdırmalara görə, Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət birləşməyə daxil imiş: Babək Həsənov “Azərsu” ASC sədrinin 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkənidir.
O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb.

Cumhuriyyet.az yazıb ki, Babək Həsənovun həbsinin yaratdığı təlatüm səbəbsiz deyil. Çünki o təkcə departament rəisi kimi “Azərsu”da müəyyən üstünlüyə sahib deyildi.
Bu şəxs həm də Teyyub Cabbarovun qardaşının kürəkəni kimi qurumda qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə mənimsəmələrinin başında duran əsas insanlardan olub.
Onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə texniki şərt sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalizasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan texniki şərt də məhz onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb.
Maraqlı burasıdır ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan şirinlik ASC-nın rəsmi hesabına ödənilməyib.

Yayılan söz-söhbətə görə, Babək Həsənov təxminən 300 min manatı özünün götürdüyünü, 650 min manatın isə qayınatasının qardaşı olan Teyyub Cabbarovun villasına xərcləndiyini etiraf edib. İddialara əsasən aşkara çıxarılan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən biri də Qorxmaz Hüseynovun xalası oğlu Şakir İsmayılov imiş. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə təxirə salınıb.
Yasamalda yeni tikilmiş binalara verilən texniki şərtlərdən alınan pulların böyük hissəsi mənimsənilib
Başqa bir məlumata görə isə Babək Həsənovun həbsinə qədər texniki şərtlər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib: Mümkündür ki, bu Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta Sukanal Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əslində isə texniki şərti bu institut hazırlayıb səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi. Hazırda texniki şərtlə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb. Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Deyilənə görə, Yasamalda yeni tikilmiş binalara verilən texniki şərtlərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, cəmiyyət sədrinin xalası oğlu və digər qohumları da məsuliyyətə cəlb edilə bilər. Yaxud digər bir məqama diqqət yetirək. Araşdırmalar zamanı aydın oldu ki, su istehlakçıya çatana qədər 3 mərhələdən keçir: palçıq-gildən təmizlənmə, xlorlama və zəyləmə. Bu 3 mərhələyə milyonlarla vəsait sərf olunur. Təmiz suyu hövzələrdən-su anbarlarından istehlakçılara normal çatdırmaq üçün istifadə olunan AQREQAT-lar məsələsinə toxunmaq istəyirik. Heç kimə sirr deyil ki, ən azı Bakı sakinləri həmişə suyun normal gəlməməsindən şikayətlənirlər, hətta loru dildə suyun davlenisi aşağı düşüb deyirlər. Sıravi insanlar başa düşmür ki, suyun davlenisini aşağı salan Azərsunun rəhbəri Qorxmaz Hüseynovdur. Bəli, Qorxmaz Hüseynovun birbaşa göstərişi ilə 1 AQREQAT 2-3 saat dayanan kimi ciblərə külli miqdarda pul gəlir. Təsəvvür edirsiniz, 10 aqreqatı 2-3 saat saxlayan kimi cəmiyyət rəhbərinin büdcəsinə xeyli gəlir yığılır. Camaat isə suyun az, yaxud fasilələrlə gəlməsindən əziyyət çəkir.

Layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsi əsl korrupsiya faktıdır

Göründüyü kimi, yaxın qohum-əqrəbalarını ətrafına yığan, onların bir neçəsini qanunsuz şəkildə milyonluq layihələrə cəlb edən Qorxmaz müəllim ölkə əhalisinin içməli su ilə təminatını tamamilə bərbad hala salıb. Ekspertlər isə hesab edir ki, layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsi əsl korrupsiya faktıdır: Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir. Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi otkat şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurulub. Bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə, bütün izlər itir. Verilən bilgilərə görə, Azərsu ASC-də yaşanan özbaşınalıqlar və külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi yuxarı instansiyalarda narahatlıqla qarşılanıb. Bu barədə redaksiyamıza məlumat verən özəl mənbənin sözlərinə görə, məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib: Hazırda yuxarılarda Qorxmaz Hüseynovun vəzifədən azad edilməsi ilə bağlı müzakirələr aparılır. Artıq Azərsu ASC-nin sədri postuna iddia edən namizədlər də var.

Fakt budur ki, qurumun hazırkı sədrinin mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib və o vəzifəsini qorumaq gücünə malik deyil. Sözsüz ki, vəziyyətin belə yaranmasına sədrin özü səbəb olub. O tapşırılan işləri istənilən səviyyədə həyata keçirsəydi, yeyintiyə yol verməsəydi, bu cür olmazdı. Bir sözlə, Hüseynov vəzifədən azad edilsə, öz səhvlərinin cəzasını çəkməli olacaq.
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

10-07-2015, 11:24



Fikirlər