Şirvanda zavodda partlayış - Ölən və yaralananlar var - FOTO

Şirvanda zavodda partlayış - Ölən və yaralananlar var - FOTO

Musavat.com Şirvanda yaşayan sakinlərdən həyacanlı xəbər alıb.

Orada iddia olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən Telemexanika zavodunda güclü partlayış olub. "Ölən, yaralananlar var", deyə yazır mənbələrimiz. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. Ölənin qadın olduğu bildirilir.

Məlum olduğu kimi, MSN-in zavodları hərbi təyinatlıdır.

Baş vermiş hadisə ilə bağlı müraciət etdiyimiz Şirvan şəhər Polis İdarəsinin rəisi Şahin Mirzyev bildirib ki, olayla bağlı məlumat almaq üçün FHN-ə müraciət etmək lazımdır.

Musavat.com-un məlumatına görə, qəza zavodun 3-cü sexində baş verib. Burada qadınlar işləyir.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.

İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

Yerli qaynaqlar isə musavat.com-a bildirir ki, yaralananların sayı 19 nəfərdir. Onların da əksəriyyəti qadınlardır.

7-07-2015, 10:53



Fikirlər