«İslahat» həftəsi başlayır: Kimlər gedəcək, kimlər qalacaq?

«İslahat» həftəsi başlayır: Kimlər gedəcək, kimlər qalacaq?

Kəmaləddin Heydərov özünü baş nazir postunda görür, daha bir neçə məmurun aqibətinə isə 7 gün içində aydınlıq gətiriləcəyi gözlənilir

Artıq bir neçə gündür hakimiyyətin islahata gedəcəyi və bir neçə iri çinli məmurun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Bununla bağlı verilən informasiyalarda iddia edilir ki, dövlət başçısı artıq işdən çıxaracağı şəxslərin kimliyini müəyyən edib. Əlavə olaraq isə yeni vəzifə sahiblərinin də kimliyi barədə bəzi fikirlər irəli sürülür.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun son günlər özü barəsində mətbuatda tərif edici yazılar yazdırması heç də təsadüfi deyil. Belə ki, «Prezidentin yanındakı ən sadiq adam» imici ilə təqdim edilən «fövqəlnazirin»in bu şansa sahib olması kimi, Avropa Yay Oyunlarında dövlət başçısı ilə birlikdə medalların təqdimatına qatılması göstərilir. Və belə əsaslandırılır ki, ondan başqa heç bir nazir bu mərasimlərə qatılmayıb.

Belə bir təbliğatın aparılmasının kökündə dayanan başlıca amil isə Heydərovun baş nazirlik istəyində olmasıdır. Daha dəqiq ifadə etsək, heç bir işə yaramayan Artur Rəsizadənin görəvindən alınmasının artıq zamanı çatıb. Yaşlı, həm də səhhətində müəyyən problemləri olan baş nazirin yenisi ilə əvəzlənməsi məsələsi də xeyli əvvəldən müzakirə olunurdu. Görünür, proses üçün uyğun vaxt indiyə təsadüf edib.

JAM.AZ xəbər verir ki, Kəmaləddin Heydərovun baş nazirlik istəyinin tarixçəsi hələ xeyli əvvələ gedib çıxır. Onun bir neçə il bundan əvvəl bu istiqamətdə apardığı təbliğat isə bəhrəsini verməyə bilər. Çünki hakimiyyət Qərbin hücumları qarşısında duruş gətirmək üçün bəzi əsas fiqurlarını qurban vermək məcburiyyətində qalıb. Hər nə qədər Rusiya ilə yaxınlıq etsə belə, Avropa ilə də ümumi dil tapmaqdan başqa çıxış yolu qalmadıqlarının fərqindədirlər. Maraqlıdır ki, Qərbin «qara siyahı»sında adı olanlardan biri də elə FHN şefidir. Amma Azərbaycan hökuməti sürpriz addımlar atmaqdan çəkinməyən bir hakimiyyət olduğunu dəfələrlə isbat etdiyindən belə bir «siyahı»nın əhəmiyyətsiz olduğunu da nəzərə ala bilər.

Hərçənd hökumət bu həftə içində bəzi məmurlarla da yollarını ayırmaq fikrindədir. JAM.AZ-a verilən məlumatlar sırasında işdən çıxarılacaq məmurlar arasında bir neçə nazirin də olacağı istisna edilmir. Əsasən isə komitələrin birləşdirilməsi prosesi önəmli hadisə kimi, gündəmə gətiriləcək. Hədəfdə olanlar arasında Avropa Yay Oyunlarında yetərli nəticə göstərə bilməyən idmançıların təmsil olunduğu federasiyaların rəhbəri olan nazirlər və ya komitə sədrlərinin də varlığı qeyd edilir. Amma bunun da yekun ola biləcəyi inandırıcı görünmür.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

30-06-2015, 16:44



Fikirlər