Bu il Azərbaycanda ərzaq təhlükəsizliyi gözlənilirmi?

Bu il Azərbaycanda ərzaq təhlükəsizliyi gözlənilirmi?

Bu il Azərbaycanda ərzaq təhlükəsizliyi gözlənilirmi?

Rəsmi statistika və ekspertlər nə deyir – Real vəziyyətin dəyərləndirməsi

Bu il Azərbaycanda kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz bolluğu olacaqmı? Mövcud hava və iqlim şəraiti buna imkan verirmi? Bu il üzrə proqnozlar vəziyyətin qorxunc olmayacağını, lakin bəzi məhsulların, o cümlədən qarpız qıtlığının yaranma ehtimalının olacağını göstərir.
Ekspertlərin fikrincə, bəzi məsulların qıtlığına səbəb güclü yağışların yağması, sel daşqınlarının olması, güclü küləyin baş verməsidir. Məsələn, Qərb bölgəsində - Samuxda Kür çayının sol sahilində yerləşən ümumilikdə 8 yaşayış məntəqəsində daşqınlar olub. Kəndlərin ərazisində əkin sahələrinə və istixanalara ciddi ziyan dəyib. Bu bölgədə yaşayan əhali xüsusi ilə qarpız əkini ilə məşğul olur. Sel suları qarpız şitillərini demək olar ki, tamamilə məhv edib. Dağlardan axıb gələn sel Şəmkirin də bir neçə kəndində ciddi fəsadlar yaradıb.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, təsərrüfat ilində payızlıq və yazlıq əkin sahələrində lazımi aqrotexniki qulluq aparılmasına baxmayaraq iqlim dəyişikliyi bitkiçiliyə, xüsusilə də ərzaq təhlükəsizliyi baxımından əsas strateji sahə olan taxılçılığa mənfi təsir göstərib. Bundan əlavə, yaz aylarında bəzi rayonlarda güclü küləklə müşahidə olunan dolu düşməsi, leysan yağışların yağması da taxıl və digər əkinlərə ziyan vurub.
Bütün bunlara rəğmən, Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının bolluğu, istehsalı üçün müvafiq tədbirlər həyata keçirilir. Belə ki, ötən il məhsul istehsalı üçün 1612,7 min hektar (çoxillik əkmələrsiz) sahə əkin altında istifadə edilib ki, bu da torpaq balansı üzrə 1723,9 min hektar əkin yerinin 93,6 faizinə bərabərdir.
İndiyədək təqribən yüz minlərlə hektar yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız) səpilib, 60 min hektardan çox sahədə kartof, 100 min hektarda tərəvəz, bostan bitkiləri, 5,7 min hektar şəkər çuğunduru, 22,9 min hektar pambıq əkilib. Həmçinin mövcud 134,2 min hektar meyvə, 16,1 min hektar üzüm bağlarının və 904 hektar çay plantasiyaları salınıb və aqrotexniki qaydada becərilir.
Məhsul bolluğunun yaradılması, kənd təsərrüfatının intensiv metodlarla inkişafının təmin edilməsi məqsədi ilə yeni, təsərrüfat ilində bir sahədən ikinci məhsulun alınması üçün sıfır becərmə ilə təkrar əkinlərin aparılması texnologiyaların tətbiqi ilə aparılan əkinlərin sahəsinin artırılması istiqamətində işlər aparılır.
Ölkənin ərzaq məhsulları ilə etibarlı təminatının gücləndirilməsi ilə bağlı strateji vəzifənin reallaşdırılması məqsədilə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyi tədbirləri davam etdirilir.
Bu məqsədlə intensiv becərmə, suvarma texnologiyalarının tətbiqinin mümkün olduğu iri torpaq sahələrinə malik təsərrüfatların yaradılmasına başlanılıb, buğda toxumçuluğuna diqqət artırılıb. Südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə bu ilin I rübündə “Aqrolizinq” ASC vasitəsilə ölkəyə 2879 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib.
Bu ilin məhsulu üçün ötən ilin payızında 426,3 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 129 min istehsalçıya 17,1 milyon manat yardım verilib. “Aqrolizinq” ASC, digər hüquqi və fiziki şəxslər tərəfindən ölkə üzrə 9209 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 4698,6 min manat dəyərində 10254 min ton mineral gübrə güzəştli şərtlərlə satılıb.
Yerli şərait nəzərə alınmaqla 1300 ton elit taxıl toxumu, 50 ton elit pambıq çiyidi, 6,0 ton elit yonca toxumu, 7,0 ton elit qarğıdalı toxumu, 2,5 ton elit noxud toxumu, 41 ton elit kartof toxumu, 2,5 ton elit çəltik, 61 kq elit pomidor, 41 kq elit xiyar, 70 kq elit soğan və 8,0 kq elit kələm toxumu güzəştli şərtlərlə fermerlərə verilib.
İqtisadçılar deyiblər ki, məhsul bolluğunun təminatı üçün aqroparkların yaradılması əhəmiyyətlidir. İndi Şəmkir rayonunda 543 hektar ərazidə aqroparkın yaradılması istiqamətində kompleks tədbirlər görülür. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələrinin inşasına başlanılıb. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabət qabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.
Bir sözlə, tarlalarımızda və bazarlarımızda kartof, soğan, yumurta, meyvə-tərəvəz məhsulları və s. bolluğu yaşanacaq. Ölkədə istehsal olunan və əhalinin gündəlik istehlakı üçün lazım olan istənilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət daha da gücləndiriləcək. Bununla bağlı bölgələrdə istehsal və tədarük olunan ərzaq məhsullarının keyfiyyət göstəriciləri rayon aqrokimya laboratoriyaları tərəfindən yoxlanılır və ona nəzarət olunur.

Toğrul

23-06-2015, 10:21



Fikirlər