"Ən böyük səhvim teatrın direktoruna inanmağım oldu"

"Ən böyük səhvim teatrın direktoruna inanmağım oldu"
"Sərbəst rejissor olmaq işsiz qalmaq deyil. Əksinə adamın seçim imkanı olur. Teatrı, işləyəcəyin tamaşaları seçirsən. Dram teatrda otuz yeddi ilə yaxın işlədim. İndi oradan ayrılsam da yenə doğma məkanım kimi gedirəm, yeri gələndə tamaşalar hazırlayıram. İlyas Əfəndiyevin sağlığında da demək olar ki, onun əsərlərinin çoxuna mən quruluş verdim."

Bunu APA TV-nin efirində yayımlanan "Üç dama" verilişində xalq artisti Mərahim Fərzəlibəyov deyib. Rejissor onu da vurğulayıb ki, İlyas Əfəndiyevlə əsərləri səhnəyə hazırlayanda bəzən fikirləri üst-üstə düşmürdü: "Şeyx Xiyabani" əsərində bəzi səhnələri bəyənməmişdim. Xiyabaninin monoloqlarını mən başqa tərzdə görürdüm. Razılığa gəlsək də tamaşa hazırlananda İlyas müəllim öz versiyasının üstündə dayandı və təkid etdi. Mən də inadkarlıq etdim və bundan sonra yollarımız ayrıldı. Əsər Hüseynağa Atakişiyevə verildi. Mənim fikrimcə, tamaşa uğurlu alınmışdı. Ancaq tamaşaya ilk baxışdan sonra müxtəlif fikirlər səsləndirildi. Tərifləyənlər də oldu, tənqid edənlər də. Sonda İlyas Əfəndiyev çıxıb tamaşanın bəyənmədiyini dedi. Həmin günü tamaşa yenidən mənə verildi".

Xalq artisti uşaqlığından da söhbət açıb: "Həmişə özümü incəsənətdə görmüşəm. Hətta dördüncü sinifdə oxuyanda sinif yoldaşım Oruc Qurbanovla ( hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru) birgə "Poçt qutusu" tamaşasını hazırlamışdıq."

Rejissor rol bölgüsündə şəxsi münasibətlərə, bəzən dostluqlara da önəm verdiyini etiraf edib: "Bu təbiidir. Bəzən rejissorları eyni aktyorlarla işləməkdə qınayırlar. Hər bir rejissor çalışır ki, tamaşası uğurlu alınsın. Ona görə də fikri üst-üstə düşən, eyni zamanda istedadlı aktyorla işləməyə çalışır. Düzdür, bəzən dostluq münasibətlərinə görə rol bölgüsündə doğru seçim etməmişəm. Bu, mənim səhvimdir. Təbii ki, səhvimin əziyyətini çəkmişəm".

Mərahim Fərzəlibəyov kino rejissoru kimi fəaliyyətini dayandırmağının səbəbinə də aydınlıq gətirib: "İlk dəfə "Ağ şəhər" filmini çəkdim. Bəyənənlər də oldu, bəyənməyənlər də. Sonralar "Canavar balası" və "Qırmızı qar" filmlərini çəkdim. Lakin hiss etdim ki, kinoda sözümü yetərincə deyə bilməyəcəyəm. Mən əsl teatr rejissoruyam".

"Baş rejissor olmaq hər bir rejissorun arzusudur" deyən xalq artisti öz səhvləri ucbatından bu vəzifədən getdiyini söylədi. "Ən böyük səhvim teatrın direktoruna inanmağım oldu. Bu inam məni süquta uğratdı. Səlahiyyətlərimi özüm də bilmədən dostluğa qurban verdim. İdeyalarımı, arzularımı onunla bölüşdüm. Bunu etməməli idim".

Xalq artisti gənc rejissorların Akademik Milli Dram Teatrının səhnəsində qoyduğu tamaşalara da münasibət bildirib: "İsrafil İsrafilov gənc rejissorlara imkan yaradır. Əlbəttə bu, təqdirəlayiq hərəkətdir. Ancaq gənclərin çiyninə belə ağır yükü qoymaq onların tez-tez səhv etməsi ilə nəticələnir."

Mərahim Fərzəlibəyov "Artıq yaradıcılıqda dostluğa inamım itib: “Yenidən baş rejissor olsam, eyni səhvləri təkrarlamazdım. İndi yaş və təcrübə öz sözünü deyir. Əvvəllər aktyoru səhv seçdiyimi hiss etsəm də ondan imtina etmirdim. Amma indi tamaşa hazırlayarkən istədiyimi aktyordan görə bilməyəndə onu roldan uzaqlaşdırıram."

Xalq artisti Mərahim Fərzəlibəyov sonda yaradıcılığı barəsində düşüncəsini dilə gətirib: "Bəlkə mənim tamaşalarım tarixdə qalmayacaq, amma oynadığım filmlərdə məni göstərib "bu aktyor həm də rejissor olub" deyəcəklər...

19-12-2014, 12:25



Fikirlər