Bakıda bəzi dəmir yolu stansiyaları ləğv edildi

Bakıda bəzi dəmir yolu stansiyaları ləğv edildi

Bakı Dəmir Yolu Vağzalından metronun “Koroğlu” stansiyasına qədər olan 5 dəmir yolu stansiyasından 2-si sökülüb.

Fins.az-ın məlumatına görə, bunlar vağzalın ərazisində yerləşən “Fialetov” stansiyası və Bakı Lokomativ Deposunun qonşuluğundakı “Böyükşor” stansiyasıdır. Bundan başqa, dəmir yolunun “Nəriman Nərimanov” stansiyasının da bir hissəsi sökülməkdədir.

Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov stansiyaların sökülməsini xəttə sürətli qatarların buraxılması ilə izah edib: “Bildiyiniz kimi, vağzaldan “Koroğlu”ya qədər ikimərtəbəli qatarlar işləyəcək. Bunlar da sürətli qatarlardır, odur ki, bir-birinə çox yaxın yerləşən stansiyalarda dayanması vacib deyil. Yəni, vağzaldan çıxandan sonra “Nəriman Nərimanov”da, sonra “Keşlə”də, sonra da “Koroğlu”da dayanacaq və geri qayıdacaq”.

Bundan başqa, sözügedən marşrut boyu dəmir yolu xəttinin kənarına divar çəkilib, yollara şebel materialı tökülüb. “Keşlə” stansiyasında əsaslı yenidənqurma işləri aparılır, dəmir yolu xəttinin üzərindən insanların təhlükəsiz hərəkəti üçün dəmirdən keçid quraşdırılır, stansiyada işıqlandırma sistemi yaradılır. Təmir-bərpa işlərinin başa çatdığı “Koroğlu” stansiyasında isə dəmir yolunda vahid nəqliyyat kartının tətbiqi məqsədi ilə turniketlər quraşdırılıb.

Bakı Dəmir Yolu Vağzalında isə mart ayından başlanan yenidənqurma işləri davam etdirilir. Vağzaldakı platformalar, qatarların dayanması üçün nəzərdə tutulmuş dəmir yolu xətləri sökülərək yeniləri ilə əvəz olunur. Hazırda vağzaldakı 8 yoldan cəmi 3-ü saxlanıldığı üçün rayonlara gedən sərnişin qatarları bir-birini gözləməklə, vaxtından bir qədər gec yola düşür.

Bundan başqa, vağzalda bilet kassalarının yeri dəyişdirilib.

8-06-2015, 19:26



Fikirlər