Türkiyə: Koalisyon hökumət necə qurulacaq?

Türkiyə: Koalisyon hökumət necə qurulacaq?

AKP-MHP və ya CHP-MHP-HDP ittifaqlarından biri reallaşmasa, təkrar seçkilərə baş vurulacaq

Türkiyədə dünən keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. JAM.AZ xəbər verir ki, 54,5 milyonun iştirak etdiyi seçkilərdə sürpriz nəticələr əldə olunub.

Belə ki, 13 ildir təkaşına hökumət quran AKP bu seçkilərdə ağır zərbə alıb və ümumi səslərin cəmi 40,7 faizinə sahiblənib. AKP-nin əsas rəqibi olan CHP isə 25 faizlə sıralamadan ikincidir. MHP-nin bunca apardığı təbliğat isə işə yaramayıb və bu səbəbdən də 16,5 faiz səs toplaya bilib. Ən sürpriz hadisə isə PKK-ya yaxın olan kürd partiyası HDP-nin 13 faiz səs toplaması olub.

Qeyd edək ki, bu faizlərə uyğun olaraq AKP parlamentdə 258, CHP 131, MHP 81, HDP isə 78 millət vəkili ilə təmsil olunacaqlar. Amma bütün bunlara baxmayaraq, bu seçkilərdən sonra Türkiyədə heç bir partiya təkbaşına hökumət qura bilməyəcək. Ən çox səs toplayan AKP-yə bunun üçün 18 deputat lazımdır. Ona görə də, hazırda ölkənin gündəmində koalisyon hökumətin kiminlə və necə qurulacağı məsələsi var.

JAM.AZ xəbər verir ki, Türkiyənin yeni koalisyon hökumətinin tərkibi iki cür ola bilər. Birincisi, AKP ilə MHP arasında anlaşma əldə olunur və tərəflər hakimiyyəti bölüşdürürlər. İkinci sırada CHP-MHP-HDP ittifaqıdır ki, bu baş verərsə, tamam fərqli bir iqtidar formalaşmış olacaq.

Bildirək ki, CHP bütün hallarda hakim partiya ilə koalisiyaya getməyəcəyini bəyan edib. HDP də həmçinin 78 millət vəkili ilə parlamentdə təmsil olunaraq, heç bir hökumətə qoşulmaq niyyətində olmadığını vurğulayıb. Yalnız, MHP bu məsələdə AKP ilə danışıqlar masası arxasında əyləşməyə hazır ola biləcəyini açıqlayıb.

Onu da xatırladaq ki, əgər koalisyon hökumət alınmazsa, Türkiyə prezidenti 3 ay içində yenidən seçkilərin keçirilməsi barədə qərar verə bilər.

8-06-2015, 12:14



Fikirlər