Saatlıda təhsil problemi ciddiləşir

 Saatlıda təhsil problemi ciddiləşir

2013-cü ildə Mikayıl Cabbarovun ölkənin Təhsil naziri vəzifəsinə təyinatı ilk öncə bir çox müzakirələrə səbəb olmuşdu.

Hətta bu təyinatın məqsədəuyğunluğunu şübhə altına alanlar da yox deyildi. Bununla belə zaman hər şeyi öz yerinə qoydu. Bu gün Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları bir daha sübut edir ki, ölkə rəhbərliyinin bu sahədə də seçimi düşünülmüş və son dərəcə uğurlu olmuşdur. Əlbəttə ki, təhsil sahəsində uzun illərdən bəri yığılıb qalmış, bəzi hallarda hətta dərin kök ata bilmiş bütün problemlərin aradan keçən iki il ərzində tam həllini tapacağını gözləmək də düzgün olmazdı. Lakin etiraf olunmalıdır ki, bəzi istiqamətlərdə islatları sürətləndirmək və dərinləşdirmək yolu ilə əldə olunan nətivələri bir qədər də yaxşılaşdırmaq olar. Xüsusilə qeyd etmək lazımdır ki, TN-in bəzi strukturlarında hələ də yaşanmaqda olan ciddi kadr problemləri bu gün daha çox diqqət və təcili tədbirlər tələb edir. Həmçinin bu xüsusda bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslərin heç də bu vəzifələrin irəli sürdüyü spesifik tələblərə cavab verə bilmədiklərinə dair haqlı iradları da nazirlik tərəfindən nəzərə alınmalıdır.O cümlədən artıq neçə müddətdir ki, redaksiyamıza Saatlı rayonunun təhsil sahəsində aşkar müşahidə olunan geriləmə və tənəzzülün kritik həddə çatması ilə bağlı çoxsaylı oxucu məktubları daxil olmaqdadır. Qəzetimizin ötən saylarında da biz Saatlı rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Şamil Nurəliyevin öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə məlumatlar əks olunmuş tənqidi məqaləlr dərc etmişdik. Yerli mənbələrdən bu gün də aldığımız məlumatlarda bildirilir ki, rayonda təhsilin səviyyəsi çox aşağıdır. Müxtəlif tədris müəssisələri isə RTŞ rəhbərliyi üçün əsil maxinasiyalar obyektinə çevrilmişlər. Belə ki, son bir neçə ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyətinin xeyli aşağı düşməsi, bir çox müəllimlərin repetitorluq fəaliyyəti göstərmələri səbəbindən dərslərə gəlməmələri, məktəb direktorlarının həmin müəllimlərdən rüşvət alaraq, onların səhlənkarlıqlarına göz yummaları və ən əsası da məhz Şamil Nurəliyevin bütün bu özbaşınalıqlara birbaşa şərait yaratması barədə açıqlamalar təkcə bizim qəzetə deyil, ümumiyyətlə ölkə mətbuatına və aidıyyatı olan digər qurumlara Saatlı ictimaiyyətinin nümayəndələri tərəfindən ünvanlanan çoxsaylı ərizə və məktublarda dəfələrlə öz əksini tapmışdır. Eyni zamanda da rayon təhsilinin inkişafı üçün ayrılan dövlət vəsaitlərinin RTŞ rəhbərliyi tərəfindən mütəmadi olaraq mənimsənilməsi faktı Saatlı ictimaiyyətini ciddi surətdə narahat edən amillərdən biri kimi çıxış etməkdədir. Bu xüsusda əldə etdiyimiz məlumatlarda məhz təhsil şöbəsinin tələbatlarını ödəmək məqsədilə keçirilən tenderlərdə müxtəlif maxinasiyalara yol verildiyi iddia olunur. Bildirilir ki, Saatlıya ayrılan tenderlərin böyük bir hissəsi məhz təhsil şöbəsinə aiddir. Bu tenderlərin əksəriyyətini isə hər dəfə Şamil Nurəliyevin yaxın adamlarına məxsus olan müxtəlif şirkətlər qazanırlar. Vurğulanır ki, tenderlərə ayrılan vəsaitin heç yarısı belə təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir. Əlbəttə ki, Şamil Nurəliyevin öz fəaliyyətində yol verdiyi bütün bu və digər qanun pozuntularının müvafiq dövlət qurumlarının diqqətindən kənarda qaldığını söyləmək də olmaz. Artıq xəbər verildiyi kimi, bir müddət əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Saatlı RTŞ-nin fəaliyyəti ilə bağlı araşdırma da aparılmış və əldə olunan materiallar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. Təbii ki, məhkəmənin qərarı da Saatlı təhsilinin Şamil Nurəliyevdən xilası üçün əsas ola bilər. Digər tərəfdən isə Təhsil Nazirliyinin bu qərarı gözləməsinə əslində heç bir səbəb yoxdur. Məsəl var, deyərlər ki, görünən kəndə nə bələdçi?..

7-06-2015, 17:15



Fikirlər