Gədəbəydə sahibkarlığa başlayanlar mütləq rüşvət verməlidir

Gədəbəydə sahibkarlığa başlayanlar mütləq rüşvət verməlidir

İş adamları maliyyə smetasına Ramiz Yediyarova verməli olacağı məbləği daxil etməlidir
Gədəbəydən daxil olan yeni-yeni məlumatlarla tanış olduqca bir daha əmin olursan ki, bu rayonun İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov həqiqətən də rayonun tənəzzülə uğraması üçün əlindən gələni edir. Gədəbəy sakinlərinin bu xüsusda müxtəlif instansiyalara ünvanladıqları çoxsaylı şikayət ərizələri, ölkə mətbuatında ardıcıl olaraq dərc olunan tənqidi materiallar isə, sanki icra başçısını yeni qanun pozuntularına təhrik edir. Şəxsi əmlakları və torpaq sahələri əllərindən alınan vətəndaşlar, obyektləri uçurulan iş adamları, başçının əməllərindən şikayət edən insanların təqiblərə məruz qoyulan ailə üzvləri və qohum-əqrəbaları, davamlı olaraq müxtəlif maxinasiyalar vasitəsilə talan olunan rayon büdcəsi, iradəsi sındırılaraq, boyunlarına aylıq haqq yığımları qoyulan idarə və müəssisə rəhbərləri, rayonun getdikcə bərbad hala gətirilən infrastrukturları... Bütün bunlar Gədəbəyin sanki Azərbaycan qanunları ilə deyil, hansısa diktator rejimi tərəfindən tətbiq olunan qaydalarla idarə olunması təəssüratını yaradır. Onsuz da Gədəbəydən aldığımız məlumatlarda, bu rayonda ölkə qanunlarının, vətəndaşların konstitusiya ilə təmin olunan hüquqlarının hər gün rayon rəhbərliyi tərəfindən pozulmasına dair ciddi ittihamlar irəli sürülür. Hər hansı bir iş görmək istəyən vətəndaşlara qarşı irəli sürülən açıq-aşkar rüşvət tələbləri artıq çoxdan norma halını almışdır. İstər özünə yeni ev tikmək istəyən vətəndaş olsun, istər biznesini genişləndirməyi planlaşdıran iş adamı, istərsə də həyətyanı sahəsini abadlşdırmaq arzusunda olan sakin. Fərq etməz. Hər kəs tutacağı maliyyə smetasına mütləq qaydada RİH-nə rüşvət verməli olacağı məbləği daxil etməlidir. Əgər kimsə bunu hesaba almağı unudubsa, o zaman ümumiyyətlə heç bir smeta tutmağa belə ehtiyac yoxdur. Çünki əks halda nəinki tikinti aparmaq, heç hasarından qopmuş bir daşı belə qaldırıb öz yerinə qoya bilməzsən.Artıq qeyd etdiyimiz kimi, Gədəbəy rayonundan bu xüsusda aldığımız şikayət ərizələrinin ardı-arası kəsilmir. Dünən də növbəti şikayətlə redaksiyamıza rayonun Qurudərə kənd sakini Səyyar Musayev müraciət edib. Vətəndaşın təqdim etdiyi ərizənin mətnini olduğu kimi dərc edirik:“Mən 2 ildən çoxdur ki, çalışıram özümün kiçik biznesimi yaşadığım Gədəbəy rayonunda quram. Lakin bütün vətəndaşlara əngəl olmuş Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, yaşadığım Dəyirmandağ kəndində mənim də xüsusi emalatxana açmağıma imkan vermir. Mən müxtəlif vaxtlarda Gədəbəy RİH-nin başçısı R.Yediyarovun qəbulunda oldum və kəndimizdə kiçik bir emalatxana inşa etmək məqsədimin qarşısında süni yaradılmış əngəllərin olduğunu Ramiz Yediyarova danışdım. Sən demə, Gədəbəy rayon əhalisinə ən böyük əngəl elə Ramiz Yediyarovun özüdür. Ramiz Yediyarov ertəsi günü Dəyirmandağ inzibati ərazi vahidi üzrə nümayəndəsinin vasitəsi ilə mənə ismarıc yollayır ki, kəndin istənilən yerində emalatxana və ya diğər obyekt inşa etməkdən ötrü ona, yəni başçıya ən azı 3 min manat pul rüşvət verməliyəm. 28 mart 2013-cü il tarixdə isə mən Gədəbəy Rayon İH-nin başçısının ünvanına ərizə ilə müraciət edərək bildirdim ki, mənə torpaq sahəsi ayrılsın ki, ölkəmizdə nəsli kəsilmiş meşə ağaclarını əkərək onların artırılmasını təmin edən təsərrüfat yaradım. Ərizəmə cavab olaraq R.Yediyarov Dəyirmandağ kənd bələdiyyə sədri Nürəddin Allahverdiyev vasitəsi ilə məndən 5 min manat tələb etmişdir. İstənilən məbləği R.Yediyarova verməkdən imtina etdikdən sonra isə, mənim onun ünvanına yazdığım ərizələrə belə cavab verməmişdir. Mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla, ölkədə olan bütün mötəbər və nüfuzlu dövlət qrumlarının rəhbərlərindən xahiş edirəm ki, Gədəbəy RİH-nin başçısı R.Yediyarovun şəxsi maraqlarından irəli gələn, vətəndaşlara qarşı yaratdığı bu cür əngəllərin qarşısını alsınlar.


İmza: Musayev Səyyar İsmayıl oğlu.


Gədəbəy rayonu, Qurudərə kəndi.”

7-06-2015, 16:48



Fikirlər