Buraxılış imtahanlarında texnoloji yeniliklər tətbiq ediləcək

Buraxılış imtahanlarında texnoloji yeniliklər tətbiq ediləcəkİyunun 6-da respublikanın qərb bölgəsində orta məktəblərin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Kəpəz TV (Region TV) xəbər verir ki, bu imtahanlarda ilk dəfə olaraq texnoloji yeniliklər tətbiq ediləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarına əsasən, bu il keçirilən buraxılış imtahanlarında ilk dəfə olaraq, imtahanda şagirdlərə təqdim edilən "Sual kitabçaları"nda onların adları, kodları qeyd ediləcək. İndiyə qədər isə şagirdlərə imtahanda 4 variantda "Sual kitabçaları" təqdim edilirdi və yalnız "Cavab kartları" sırf şagirdlərin özlərinə məxsus olurdu. Tətbiq olunan yeniliyin nəticəsinə gəlincə isə...

Nəsimi Məmmədov, TQDK-nın Gəncə Regional Bölməsinin müdiri: "Əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında bu texnoloji yeniliyi tətbiq etdik. Belə nəticəyə gələ bilərik ki, imtahan prosesində sual kitabçalarının dəyişdirilməsi, yaxud köçürmə halları çox aşağı faiz dərəcəsinə enib. Adlı sual kitabçaları olmayan illərdə isə abituriyentlər belə neqativ hallara daha çox meylli idilər".

Artıq imtahana buraxılış vərəqələri TQDK-nın rəsmi saytında yerləşdirilib. Eyni zamanda, şəkilsiz şəxsiyyət vəsiqəsi alan 16 yaşına çatmayan 9-cu sinif şagirdlərinə şəkilli arayışın təqdim olunması ilə bağlı məktəb rəhbərlərinə tapşırıq verilib. İmtahan binasından ən az 5 km məsafədə yaşayan abituriyentlərin mikroavtobuslar vasitəsilə binaya çatdırılması da təmin ediləcək.
Xatırladaq ki, qərb bölgəsi üzrə imtahanda iştirak edəcək şagirdlərin sayı 27 minə yaxın, Gəncədə isə 5424 nəfərdir. Onlar 6 binada imtahan verəcəklər. 9-cu sinif şagirdləri birinci növbədə, 11-ci sinif şagirdləri isə ikinci növbədə biliklərini sınayacaqlar.

3-06-2015, 18:31



Fikirlər