Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda humanitar aksiya keçirilib Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Əl-Farabi əlil uşaqlar evində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Əl-Farabi uşaqlar evində təşkil olunmuş tədbirdə Pakistan Nazirlər Kabinetinin Xüsusi təhsil departamentinin baş direktoru Liaqat Məhəmməd Xan, uşaq evinin direktoru Məhəmməd Şabbir, Azərbaycan-Pakistan Gənclər Forumun orezidenti Məhəmməd Asif Nur, media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edən L.Məhəmməd Xan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya fiziki qüsurlu uşaqlara etdiyi yardıma görə minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətindən danışaraq, bütün bunları Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən Pakistana xidmətlərinə görə ölkənin ali "Hilal-e-Pakistan" ordeni ilə təltif olunması faktını xüsusi qeyd edib.

Əl-Farabi mərkəzində təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov xalqlarımız arasındakı sarsılmaz qardaşlıq münasibətlərindən bəhs edib.

Səfir Heydər Əliyev Fondu haqqında məlumat verərək, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın ulu öndərin Azərbaycanın inkişafı haqqında ideyalarını həyata keçirərək, ölkədə və xaricdə elm, mədəniyyət, humanitar, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr reallaşdırdığını bildirib. Səfir məhz Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə proqramların icra edildiyini vurğulayıb.

D.Şikarov Fondun prezidenti Mehriban Əliyevanın cari ilin fevral ayında Pakistanın ali ordeni - "Hilal-e-Pakistan" ordeni ilə təltif olunmasını yüksək qiymətləndirərək, bunu Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi layihələrə yüksək qiymət verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirib.

Əl-Farabi mərkəzinin direktoru M.Şabbir başçılıq etdiyi uşaq evinin fəaliyyətindən, əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verib. O bildirib ki, Pakistan hökumətinin İbtidai və orta təhsil Federal Şurası nəzdində fəaliyyət göstərən Əl-Farabi dövlətin diqqət mərkəzindədir.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur isə Pakistan-Azərbaycan münasibətlərindən danışıb, Azərbaycana çoxsaylı səfərlərindən xatirələri bölüşüb.

Daha sonra səfir D.Şikarov 50 ədəd əlil arabasını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Heydər Əliyev Fondu adından Əl-Farabi mərkəzinə təqdim edib.

Tədbirin sonunda mərkəzdə təhsil alan uşaqlar konsert proqramı ilə çıxış edib, fiziki qüsurlu oğlanlar kriket oyununu nümayiş etdiriblər. Uşaqlar evinin sakinləri və burada çalışan texniki heyətin şərəfinə nahar verilib.

Tədbirdən sonra mərasim iştirakçıları Əl-Farabi mərkəzi və burada aparılan tibbi müayinə və tədris prosesi ilə tanış olublar.

D.Şikarov Pakistanın aparıcı televiziya kanallarına, elektron media mənsublarına müsahibə verib. O, müsahibəsində Heydər Əlyev Fondunun fəaliyyəti, Azərbaycan-Pakistan münasibətləri haqqında danışıb.

3-06-2015, 18:30



Fikirlər