Politoloq: "Militarizasiyaya görə Avropa çempionu, xarici borcu dövlət büdcəsindən 3 dəfə çox olan Ermənistan hərbi əməliyyatlar hazırlayır"

Politoloq: "Militarizasiyaya görə Avropa çempionu, xarici borcu dövlət büdcəsindən 3 dəfə çox olan Ermənistan hərbi əməliyyatlar hazırlayır""Ermənistan işğalçılığın davamı üçün bütün resurslarını cəlb edib". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan danışıqlar mexanizmini depressiyaya salıb və hərbi əməliyyatlara başlayır: "Dağlıq Qarabağ tənzimlənməsinin perspektivləri prizmasından üç parametr diqqəti cəlb edir:
I. Bonn Beynəlxalq Konversiya Mərkəzi “Qlobal Militarizasiya-2014” indeksini açıqladı. Ermənistan militarlaşma indeksinə görə dünyada üçüncü, Avropada birincidir. Ermənistanda dövlət büdcəsindən daha çox miqdarda hərbiyə vəsait ayrılır. Hərb təhsil də daxil olmaqla bütün sahələrdən üstündür. Xarici borcu dövlət büdcəsindən 3-4 dəfə çox olan Ermənistan militarizasiya səviyyəsinə görə Avropada birinci, dünyada üçüncüdür. Dövlət və qeyri-dövlət borcu 7.5 milyard dollar olan Ermənistanın militarlaşmasının məsuliyyəti ATƏT MQ, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqının üstündədir.
II. Müdafiə naziri Seyran Ohanyan qoşunların təmas xəttində Ermənistan ordusunun preventiv taktika reallaşdırdığını bəyan etdi. Ermənistan mətbuatında bunun təsdiqinə dair əlavə də məlumatlar var. S.Ohanyan bununla ordusunun hücuma hazırlaşdığını etiraf etdi.
III. ATƏT MQ həmsədrləri ATƏT-in Bazel ministerialı zamanı hətta Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilmədilər".
Onun sözlərinə görə, 2014-cü ildə prezidentlərin görüşü intensivləşsə də, bu, sadəcə hərbi gərginliyin artması ilə birbaşa bağlı olduğu üçün ümumilikdə dialoq mexanizmini gücləndirə bilmədi: "Avqust hadisələrindəki hərbi insidentdən sonra RF prezidenti Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşünü təşkil etdi. ABŞ-ın və Fransanın təşəbbüsü ilə keçirilən prezidentlərin sonrakı 2 görüşü isə Putinin təşəbbüsünə ABŞ-ın verdiyi geosiyasi reaksiya idi.

Ermənistan danışıqlar mexanizmindən çəkinir. Çünki imitasiya imkanları tükənib. ATƏT MQ həmsədrləri birbaşa Ermənistanın mövqeyindən çıxış edib yeni imitasiya resursları yaratsalar da, dərhal hər şey qısa müddət ərzində tükənir. 1994-cü ildəki atəşkəs rejimindən sonrakı 19 il ərzində qoşunların təmas xəttində avtomat silahlar və snayper tüfəngləri istifadə olunurdu. Ermənistanın imitasiya resursları da buna uyğun idi. Son bir ildə Azərbaycan və Ermənistan qoşunları arasında iri çağlı silahlar -pulemyotlar, ZRK-lər istifadə olunmağa başlandı. Ermənistan və ATƏT MQ ZRK və ya tankvuran minomyotlar səviyyəsində imitasiya resursları yarada bilməyiblər. Dağlıq Qarabağ tənzimlənməsində dialoq mexanizmi depressiyadadır və hərbi əməliyyatlar onu bu vəziyyətdən çıxara bilər".

Politoloq bildirib ki, Ermənistan hərbi insidentlərdən istifadəyə qadağa qoya bilməz: "Onun yenidən geniş miqyaslı hərbi əməliyyatlar keçirməsi və S.Ohanyanın yuxarıdakı fikirləri bunun sübutudur. Hətta Ermənistandan kənarda yaşayan ermənilər bildirirlər ki, Dağlıq Qarabağdakı müharibə Azərbaycanın xeyrinə bitəcək. Yalnız təsadüf nəticəsində Azərbaycan məğlub ola bilər. Əgər bu, indiki dövr üçün belədirsə, gələn il Azərbaycanın hərbi gücü daha da artacaq. Azərbaycanın kosmik peyki yerüstü təsvirləri Azərbaycana ötürməyə başlayıb".

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın Ermənistanın işğalına qarşı mübarizəsində yeni mərhələ yaranıb: "Azərbaycanın zəifləməsini, öz torpaqlarını işğaldan azad etmək qətiyyətinin azaldığını göstərə biləcək heç bir proses baş vermir. Ermənistan Respublikasına məxsus, Ermənistan vətəndaşları tərəfindən idarə olunan hərbi helikopterin Yerevan yaxınlığından Ağdamadək gəlib çıxması ermənilərin psixoloji durumunun da Azərbaycan hərbçiləri üçün uyğun formada olduğunu göstərir. Beləliklə ümumiləşdirək.

I. Dialoq mexanizmi sabit işlək deyil, tez-tez dağılır. Başqa sözlə depressiyaya düşür.
II. Ermənistan hərbi ambisiyalarını nümayiş etdirməyə məcburdur. Qarşıdan gələn hər il Ermənistanın Azərbaycandan daha çox zəiflədiyi il olacaq.
III. Azərbaycanın hərbi gücü artır, iqtisadi baxımdan qüdrətlənir, torpaqlarını işğaldan azad etmək əzmi güclənir.
Çox maraqlı nəticə əldə etmək olar. Hərbi toqquşma baş verir; Birmənalı şəkildə ermənilər itkiyə məruz qalır, Ermənistanın bu itkinin yerini doldurmağa imkanı yoxdur. Nəticədə, ermənilər ardıcıl surətdə Azərbaycana tərəf dialoq təşəbbüsləri ilə çıxışlar edirlər. Ermənistanın ardıcıl təşəbbüsləri ATƏT MQ tərəfindən dəstəklənir və onlar da dialoq mexanizminin bərpa olunmasını təkidlə təklif edirlər. Beləliklə, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində hərbi zərbə alması həm ATƏT MQ-ni obyektiv vasitəçiyə çevirir, həm də Ermənistanı ağıllandırır".

Politoloqun fikrincə, Dağlıq Qarabağ tənzimlənməsinin hərbi zərbələrsiz yolu yoxdur: "Yalnız bütün ciddi proseslər ermənilərin ciddi hərbi itkiyə məruz qalmasından sonra baş verəcək. Bu zaman Azərbaycanın silah-sursat itkisinin miqdarının qətiyyən əhəmiyyəti yoxdur. Ermənistandan fərqli olaraq Azərbaycan itirdiklərinin yerini doldura biləcək. Amma qazandığı daha böyük olacaq. İşğal olunmuş ərazilərini və ya onun bir qismini qaytaracaq, vasitəçilərin obyektivləşəcək və Ermənistanın ağıllanacaq. Yeri gəlmişkən, Ermənistanın elə dialoqdan imtina edib hərbi insidentlərə cəhd etməsi də bu yolu diqtə edir".

16-12-2014, 15:23



Fikirlər