“Yerli icra orqanlarının sərmayə cəlb etmək vaxtı gəlib çatıb” - Prezident İlham Əliyev

“Yerli icra orqanlarının sərmayə cəlb etmək vaxtı gəlib çatıb” - Prezident İlham Əliyev
















“Bu il ən azı keçən ilin səviyyəsində sərmayə nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir”.

“Report” xəbər verir ki, bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

“Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Mən giriş sözümdə bu məsələyə kifayət qədər geniş toxundum ki, dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər.

Bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır. Əlbəttə, burada təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər”, - deyə o, qeyd edib.

Dövlət başçısı keçən il cəlb edilmiş sərmayələrlə bağlı birinci yerlərdə olan rayonların adlarını da açıqlayıb: “Həm keçən il qoyulmuş sərmayənin, həm də bu investisiya layihələrinin ümumi həcmi ilə bağlı. Beləliklə, keçən il sərmayə qoyuluşuna görə ilk onluğa aşağıdakı rayonlar daxil edilib - Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı. Keçən il ən çox investisiyalar bu rayonlara qoyulub. Ancaq ümumi həcminə görə 100 mln. manatdan çox olan sərmayə layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonudur. Qoyulacaq sərmayənin həcmi 250 mln. manat səviyyəsində gözlənilir. İkinci yerdə Sumqayıt şəhəridir, 186 mln. manat. Üçüncü yerdə Saatlı rayonudur, 152 mln. manat. Dördüncü yerdə Salyan rayonudur, 126 mln. manat. Beşinci yerdə Qəbələ rayonudur, 116 mln. manat. Yəni, həcmi 100 mln. manatdan artıq olan layihələr rayon üçün, əlbəttə ki, çox yaxşı rəqəmdir. Yüz mln. manata bir qədər çatmayan, - amma mən onu da qeyd etməliyəm, - Gəncə şəhəridir, 98 mln. manat investisiya qoyuluşu nəzərdə tutulur. Yəni, bunlar çox böyük rəqəmdir, çox yaxşı göstəricidir. İndi məndəki bu cədvəldə bütün rayonlara qoyulan və qoyulacaq sərmayənin həcmi var. Bu, geniş, ciddi təhlil ediləcək. Ancaq deməliyəm ki, bu proses artıq başladı. Burada həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları birgə işləyirlər və birgə işləməlidirlər”.

30-01-2018, 07:35



Fikirlər