Həmsədrlər prezidentləri görüşdürmək istəyir

Həmsədrlər prezidentləri görüşdürmək istəyir

Urolik: “Münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər”

“Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə etiraz etmirik. Biz Azərbaycan və Ermənistanın bu məsələni istədikləri kimi qaldırmaq hüquqlarını dəstəkləyirik”.
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində “Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasına Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib?” sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, həmsədrlər vurğulayırlar ki, Minsk Qrupunun qəbul etdiyi danışıqlar formatı olaraq qalır: “Biz ümid edirik ki, bu münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcəklər”.
Həmsədr bildirib ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir: “Münaqişənin həllində hansısa bir irəliləyiş əldə etmək üçün həmsədrlər Dövlət Katibi Kerri, Prezident Putin və Prezident Hollandın vasitəçilik səyləri nəticəsində Prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkil edilməsini dəstəkləyir”.

16-02-2016, 10:52



Fikirlər