Məleykə Abbaszadənin postunun gələcəyi ilə bağlı yeni ilginc iddialar

Məleykə Abbaszadənin postunun  gələcəyi ilə bağlı yeni ilginc iddialar

Azərbaycanda test üsulunun və TQDK-nin ləğvi realdırmı?

Son vaxtlar Azərbaycanda test üsulu ilə imtahanların ləğvi, həmçinin Məleykə Abbaszadənin rəhbərlik etdiyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilərək Təhsil Nazirliyinə birləşdirilməsi, iki qurumun bazası əsasında Elm və Təhsil Nazirliyinin yaradılması, yeni nazirliyə isə hazırki təhsil «şef»i Mikayıl Cabbarovun təyin olunması ilə bağlı xəbərlər yayılır. Bəs bu iddialar nə qədər doğrudur?
Bəzi ekspertlər düşünürlər ki, Azərbaycanda test üsulu ləğv oluna bilməz. Məsələn, filologiya elmləri namizədi, test üsulunu Azərbaycanda ilk dəfə tətbiq edən, TQDK sabiq rəhbəri Vurğun Əyyub test imtahanının və adıçəkilən qurumun ləğvi ilə bağlı danışarkən deyib ki, "Azərbaycanda test üsulunun ləğvi mümkün deyil. Sadəcə, ali məktəblərdə olan test imtahanının yerinə orta məktəblərdə olan buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Həmin buraxılış imtahanları da elə test üsulu ilə həyata keçirilir. Amma bu, çox uzun bir prosesdir".
Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun həm müsbət, həm də mənfi cəhətləri var. Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin bununla yanaşı test üsulunun çatışmayan cəhəti isə şagird və tələbələrin nitq və yazı qabiliyyətinin məhdudlaşdırılması və əzbərçiliyə yol vermələridir.
Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda test üsulu ilə olan imtahanların strukturu dəyişdirilməlidir: "Son beş ildə test üsulu ilə imtahanın nəticələri özünü tam göstərə bilmir. Məsələn, 500 balla ali məktəbə daxil olanın sonrakı qiymətlərinə baxdıqda görürük ki, heç də topladığı bala uyğun gəlmir. Çünki bizdə test imtahanları faktlara əsaslanır, dünya praktikasında isə biliyə. Ya gərək tamamilə test imtahanını yığışdırsınlar, ya da açıq tipli suallar etsinlər, amma onun da forması bugünkü kimi olmamalıdır".
Kamran Əsədov onu da əlavə edib ki, hazırda ali məktəblərdə test üsulunu ləğv etmək heç nəyi dəyişmir. Çünki bundan sonra ali məktəblər üçün əsas götürüləcək orta məktəb imtahanları da elə test üsulu ilə həyata keçirilir. Həm də əgər indi 3 imtahan varsa, ali məktəblərdəki test imtahanını ləğv etdikdən sonra bu say 4 və ya 5 olacaq. Bu da eyni mexanizmə gətirib çıxarır. Onu da qeyd edək ki, test üsulu ilə imtahan bir çox ölkələrdə mövcuddur. 1969-cu ildə ilk dəfə ABŞ bu üsulu orta məktəbdə, 1970-ci ildə isə Türkiyə ilk dəfə eksperiment kimi ali məktəbdə tətbiq edib. Hazırda isə bir çox ölkələrin istər orta, istərsə də ali məktəblərində istifadə olunur.
Azərbaycanda test üsulunun ləğv olunması fikrini iki gün əvvəl TQDK sədri Məleykə Abbaszadə "Xəzər Xəbər"-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Sədr bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur. Məleykə Abbaszadə onu da qeyd edib ki, əgər hüquqi bir qərar verilsə, şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.
Qəbul imtahanlarında test üsulunun ləğvi zaman-zaman gündəmə gətirilib. Təhsil ekspertlərinin bəziləri test üsulunun özünü doğrultmadığını, şagirdləri əzbərçiliyə alışdırdığı qənaətindədir. Amma onun tamamilə ləğv edilməsi ali məktəblərə hazırlaşanlar üçün əlverişli olmaz. Çünki bu sistem qəbul zamanı şəffaflığın təmin olunmasında əsas göstəricilərdən biri hesab olunur. Ona görə də hazırda bu sistemin daha effektiv olması üçün yeni təkliflər hazırlanmalıdır.
Hər bir halda görünən odur ki, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməməsi təşəbbüsü kifayət qədər ciddidir, bu isə TQDK-nın ləğvi və onun müəyyən səlahiyyətlərinin Təhsil Nazirliyinə verilməsi, beləliklə ortaya yeni nazirliyin - Elm və təhsil Nazirliyinin çıxması perspektivini gücləndirir. Əldə etdiyimiz məlumata görə, bu mövzuda son qərar mart-aprel aylarında verilə bilər. Həmçinin məlum təşəbbüs hökumət daxilində birmənalı dəstəklənmir, ona görə də bu son qərarın nədən ibarət olacağını qəti söyləmək çox çətindir.

Orxan Həsənli

4-02-2016, 11:03



Fikirlər