Yenilənib: 00:04, 21.05.2012

Məhkəmə Cabbar Savalan barəsində hökmü qüvvədə saxladı

Bu gün Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrliyi ilə gənc fəal, Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanın kassasiya şikayətinə baxılıb. Şikayət Savalanın qanunsuz narkotik maddə saxlamaqda ittiham olunaraq 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verilib. Prosesin əvvəlində vəkil Asabəli Mustafayev fəalın özünün prosesdə iştirakının təmin olunmasını tələb edib. Buna cavab olaraq hakim bildirib ki, koloniyaya bildiriş göndərilib.

Lakin vəkil qeyd edib ki, Savalana bu barədə məlumat verilməyib və onun məhkəmədə iştirakına şərait yaradılmayıb. Sonra vəkil deyib ki, kassasiya şikayətində əvvəlki məhkəmə instansiyasının qərarının ləğvi və Savalana bəraət verilməsi tələb olunur. İbtidai istintaq və məhkəmələr Savalanda olan narkotik maddənin mənşəyini müəyyən etməyiblər. Bundan əlavə, istintaq zamanı gənc fəalın şəxsi toxunulmazlığı pozulub. Həmçinin məhkəmələr müdafiə tərəfinin çoxsaylı vəsatətlərini təmin etməyiblər.

Vəkilin fikrincə, Savalana qarşı Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə çəkişməsi hüququ və diskriminasiyasının qadağan olunması barədə 6 və 14-cü maddələri pozulub. Lakin prokuror Mahir Abbasov bunun əleyhinə çıxaraq əvvəlki ittihamları dəstəkləyib. 10 dəqiqə davam edən məşvərətdən sonra hakim elan edib ki, Savalanın barəsində hökm qüvvədə qalır və dəyişmir. Savalanın zalda iştirak edən qohumları və tərəfdarları bu qərarı hiddətlə qarşılayaraq “Azadlıq!” şüarını səsləndiriblər. Kortəbii aksiya məhkəmə binasının qarşısında da davam edib. Savalanın tərəfdarları şüarlar səsləndirərək kiçik yürüş ediblər. Polis aksiyaya müdaxilə etməyib.

* Cabbar Savalan fevralın 5-də saxlanılıb. Polis onu 0,17 qram tiryək saxlamaqda ittiham edib. Lakin yerli və beynəlxalq hüquq müdafiəçiləri əmindirlər ki, Savalana qarşı cinayət işi onun sosial şəbəkələrdə siyasi fəaliyyəti ilə əlaqədar saxtalaşdırılıb. Amnesty İnternational Cabbar Savalanı vicdan məhbusu elan edib.

Contact.az 

Şərhlər

Fikrini yaz

Eyni mövzuda xəbərlər