Vətənsən!

Vətənsən!

Xəyal dolu bir aləmsən, xəyalınla dolandım mən,
Arzu dolu bir dünyasan, arzulara boylandım mən…
Quş qanadlı azadlıqsan, azadlığa sığındım mən,
Vətən adlı bir dünyasan, ocağına qızındım mən.
“Ana!” dedim, ana kimi qollarını açdın mənə,
Hıçqırtılar boğan zaman mərhəmət saçdın qəlbimə...
Ağlamağa qoymadın sən, əyilməyi sevməmisən
“Od oğlusan, odlar yurdu əyilməyib”, - söylədin sən.
Vətən, Vətən, Ana Vətən, Ana qədər əziz Vətən,
İmkan vermə, qoyma məni əzsin kədər, əziz Vətən.
Sən vüqarsan, sənsən birlik, səndən doğar hər bir mərdlik
Hər zərrəndən bir güc aldım, səndən öyrəndim comərdlik!
Qeyrətsizin gözlərinə batmaq üçün neştər aldım,
Xəyanətin kökünü mən kəsmək üçün xəncər aldım.
Qoru, dedin, hər zərrəmi, yoxsa köksüm tutmaz səni,
Düşmən ayağına versən, duz-çörəyim tutar səni.
Min bir meyvə budağından öz əlinlə qopar məni,
Yad əllərin təmasından ürpəşməsin qəlbim mənim,
And içirəm, Vətən, sənə, gözüm kimi sevdim səni.
Candan əziz nə var ki de, candan da çox sevdim səni.



Qarabağ

Qarabağın dağları var dumanlı,
Könül açan bağları var, nübarlı.
Qıpqırmızı lalə-nərgiz çəmənli,
Hər bir dərdin dərmanısan, Qarabağ,
Azərbaycan gözəlisən Qarabağ.

Göz oxşayır hər bir guşən, bil, sənin,
Hər görənin gözü tutar tez səni.
Gör nə qədər gözəlsən ki, hey sənin
Adın düşübdü dillərə Qarabağ,
Azərbaycan gözəlisən Qarabağ.

Hanı sənin o gözəllik çağların,
Nəğmə dolu səs-səmirli ocağın,
İndi yanıb od tutubdur qucağın.
Ağı deyən ocağımsan, Qarabağ,
Azərbaycan gözəlisən, Qarabağ.

Ürəklərdə dondu qaldı həsrətin,
Erməniyə tapdaq oldu qismətin.
Alacaqdır qisasını millətim!
Od püskürsün qoy dağların Qarabağ,
Azərbaycan gözəlisən Qarabağ.

Mina HÜSEYNLİ
tibb işçisi

11-02-2016, 11:59



Fikirlər