Mətbəx sirləri: Düşbərə

Mətbəx sirləri: Düşbərə
Düşbərənin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:

500 q un
1 yumurta
duz, istiot
su

iç:

500 q quzu əti
2 soğan
duz, istiot

üzərinə:

nanə qurusu
sarımsaqlı qatıq


Əvvəlcə düşbərənin bulyonunu hazırlayın. İçlik üçün ətin yumşaq hissələrini kəsib çıxardıqdan sonra sümüklərini qazanda 2-3 l suyla birlikdə qaynadın.

Sonra içlik üçün ayırdığınız əti soğanla birgə ətçəkən maşından keçirib üzərinə zövqə görə duz, istiot vurub qarışdırın.

Xəmirin hazırlanması üçün ələnmiş unun üzərinə duz, yumurta və su tökə-tökə normal xəmir yoğurun. Yoğurduğunuz xəmirdən 3-4 kündə tutun. Kündələri 1-2 mm qalınlığında yayıb, 2x2 sm ölçüdə kvadratlar kəsib, ortasına içlikdən qoyub üst-üstə üçkünc formada qatlayın, künclərini də geriyə qatlayaraq bitişdirin.

Düşbərələrin hamısı büküldükdən sonra sümükləri qaynatdığınız sudan çıxarın, duz qatın, düşbərələri də qazana əlavə edib qarışdırın. Qazanın qapağını bir az aralı qoymaq lazımdır ki, qaynayarkən daşmasın.

Təxminən 25-30 dəqiqə qaynadıqdan sonra düşbərələr hazır olur. Bunu düşbərələrin xəmirinin eyni rəng almasından və hamısının suyun üzünə çıxmasından da bilmək olar. Yeməyi süfrəyə isti halda təqdim edin. Düşbərəni süfrəyə verəndə üzərinə zövqə görə nanə qurusu səpilir, yanında isə sarımsaqlı qatıq verilir.

Nuş olsun!

23-04-2015, 07:16



Fikirlər