Azərbaycanda manatla kredit kimə veriləcək?

Azərbaycanda manatla kredit kimə veriləcək?

Azərbaycanda manatla kredit kimə veriləcək?

Ekspert: "Nağd pulun azalmasının əsas səbəbkarı bankların kreditləşdirməni məhdudlaşdırmasıdır

İndi Bakıda ticarət sektoru çətin günlər keçirir. Əksər iş yerlərində satışların azalmasından gileylənirlər. Mebel, elektronika avadanlığı satan dükanlar bağlanır, işçilər ixtisar edirlir. Bu istehsal sektoruna da təsir göstərir.
"Bizdə bir həftə qabaq 25 nəfəri işdən çıxardılar. Yenə də ixtisar gözlənilir",- deyə Azərbaycanın tanınmış mebel brendlərindən birinin işçiləri "ans press"-in əməkdaşı ilə söhbətində bildiriblər. Onların sözlərinə görə, mebelin qiyməti elə də artmayıb, amma bununla belə satış səviyyəsi dəfələrlə düşüb.
İqtisadçı ekspert Samir Əliyev yaranmış vəziyyəti ölkədəki manat qıtlığı ilə izah edir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına istinad edən ekspert ölkədə ümumiyyətlə son bir neçə ayda pul bazasının sürətlə azaldığını vurğulayır.
AMB-nin göstəricilərinə görə, 2014-cü ilin sonundan martın 1-ə kimi ölkədə pul bazası 2,2 milyard manat azalıb. Belə ki, 2014-cüilin sonunda ölkə üzrə pul bazası 11,9 milyard manat olub. Yanvar ayında isə bu, 10,8 milyard manata, fevral ayında isə 9,7 milyard manata düşüb. Göründüyü kimi, martın 1-nə pul bazası təxminən pul bazası 18 faiz azalıb.
"Pul kütləsinin azalması dövriyyədə olan nağd pulların azalması ilə bağlıdır. Pul bazası əsasən dövriyyədəki nağd pullardan və bankların ehtiyatlarından ibarətdir. Bu müddət ərzində bankların ehtiyatları artsa da, əllərdə olan nağd pul kəskin azalıb",- deyə Samir Əliyev bildirib.
İlin ilk iki ayında ölkə üzrə nağd vəsaitlər 19 faizdən çox, yəni təxminən 2,1 milyard azalıb. AMB-nin göstəricisinə görə, 2014-cü ilin sonunda Azərbaycanda 10,8 milyard manat nağd vəsait olub və bu, martın 1-ə olan vəziyyətə görə 8,7 milyard manata düşüb.
Samir Əliyevin fikrincə, nağd pulun azalmasının əsas səbəbkarı bankların kreditləşdirməni məhdudlaşdırmasıdır: "Mərkəzi Bank ölkə iqtisadiyyatını müxtəlif alətlərdən istifadə etməklə pulla təmin edir. Bunların ən əsası kreditdir. Banklar faktiki olaraq manat kreditlərini saxlayıblar. Ona görə də bazara artıq manat daxil olmur. Mərkəzi Bank da banklara manat kreditləri vermir. Hazırda iqtisadiyyatda böyük manat qıtlığı var".
Əslində, bankların dollarla kredit verməsi Azərbaycan qanunvericiliyinin pozulması deməkdir. Mülki Məcəllənin 439.1-ci maddəsinə görə, Azərbaycan hüquqi və fiziki şəxsləri borcu və ya krediti yalnız manatla verə bilərlər. Maddədə deyilir: "Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər". Yəni Azərbaycan hüquqi şəxsi olan banklar dollarla kredit verə bilməz.
Məsələ ilə bağlı, Konstitusiya Məhkəməsinə bir neçə şikayət daxil olub və mayın 7-də məhkəmə bununla bağlı qərar verməlidir və Mülki Məcəllənin müvafiq maddələrini şərh eləməlidir. Bir çox ekspertlər bu fikirdədir ki, Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar verəcək. Lakin onların fikrincə, bu məntiqə uyğun deyil - vətəndaş maaşı manatla alır və bu maaş artmayıb. Dolların məzənnəsindən asılı olmayraq ölkə maaşlar və qiymətlər, demək olar ki, dəyişməyib. O zaman niyə krediti dollarla götürməlidir?
Təbii ki, əhali dollarla kredit götürmür və bu da pul kütləsinin azalmasına səbəb olur. Samir Əliyev yaranmış vəziyyəti Mərkəzi Bankın inflyasiya səviyyəsini cilovlamaq istəyi ilə izah edir: "Devalvasiya oldu və manat 34 faiz ucuzlaşdı. Əslində, buna görə bahalaşma getməliydi. Amma bazarda bahalaşma baş vermədi, çünki ələrdə olan nağd pul azaldı".
Onun sözlərinə görə, bu, ərzaq və iaşə bazarına elə də təsir göstərmədi. Amma əsasən xaricdən gətirilən məişət texnikası, mebel avadanlığı, avtomobil satışlarına təsir göstərdi.
AMB-nin kreditləşdirməni azaltması da bu məhsulların satışını azaltdı. Çünki son illərdə əhali mebeli, avtomobili, məişət və kompüter texnikasını, mobil telefonları məhz kredit yolu ilə alır. Kreditləşmənin dayandırılması bazarda yetərincə populyarlaşmış bir sıra yerli brendlərin işinə də zərbə vurdu. Məhz bu səbəbdən Masallıda populyar mebel fabriki, Naxçıvandakı avtomobil zavodu, Mingəçevirdəki kompüter zavodu və s. kimi müəssisələrdə istehsal azaldı.
Samir Əliyevin fikrincə, AMB məhz bu nüansları nəzərə alaraq yerli istehsalın kreditləşdirməsini təmin eləməlidir: "Yerli istehsalda elə şirkətlər var ki, Rusiyada, Qazaxıstanda, Ukraynada mal satışını təmin edirlər və milli brendə çevriliblər. İstehlak kreditlərindən istifadə etməklə belə şirkətlərin sayını artırmaq lazımdır. İstehlak kreditləşməsini təmin edə bilən yerli məhsullar ortaya çıxarılmalıdır. İstehlak kreditləşdirməsində 4 mənbə qazanır: Alıcı mal almaqla, bank kredit əməliyyatı həyata keirməklə, ticarət təşkilatı malını satmaqla, dövlət isə vergi vasitəsi ilə gəlir əldə edir. Hazırda isə kreditləşdirmə olmadığına görə, bu mənbələrin heç biri pul qazanmır".

Çingiz Rüstəmov

23-04-2015, 06:39



Fikirlər