Rusiya OPEK-dən imtina etdi

Rusiya OPEK-dən imtina etdi

OPEK Rusiyaya quruma daxil olmağı təklif edib, lakin rəsmi Moskva müşahidəçi kimi qalmağa qərar verib.

Virtualaz.org "İTAR-TASS"-a istinadən bildirir ki, bunu “FT Commodities” konfransının gedişi zamanı “Rosneft” şirkətinin rəhbəri İqor Seçin deyib.

Seçinin sözlərinə görə, belə bir qərarın verilməsinə bir neçə səbəb var. Onlardan biri neft hasilatı metodlarında texnoloji fərqlərdir. Bundan əlavə, Rusiya bazarı bu sahədə demək olar ki, tamamilə özəlləşdirilib və Rusiya hökuməti, OPEK ölkələrində olduğu kimi, bazara birbaşa müdaxilə edə bilməz.

“Rosneft” prezidentinin fikrincə, dünyada neft sahəsinin uzunmüddətli perspektivi Rusiya, Venesuela və İranla bağlı olacaq.

Seçin izah edib ki, məhz bu ölkələrin yeni yataqların kəşf edilməsi və hasilatında daha böyük potensialı var. O vurğulayıb ki, beynəlxalq qiymətləndirilməyə görə, Rusiyanın yanacaq maddələrinin potensial ehtiyatı ABŞ və Yaxın Şərq ehtiyatlarını üstələyir.

Virtualaz.org xatırladır ki, OPEK - Neft İxrac Edən Ölkələr Birliyi (ing. The Organization of the Petroleum Exporting Countries- OPEC) neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

OPEK daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub.

Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.

Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEK-in 12 üzvü var.

7-09-2015, 13:09



Fikirlər