Çempionlar Liqası: "Bavariya" və "Yuventus" ispanlara qarşı

Çempionlar Liqası: "Bavariya" və "Yuventus" ispanlara qarşı
Çempionlar Liqası: "Bavariya" və "Yuventus" ispanlara qarşı

Avropanın klub turnirlərində yarıfinal mərhələsinin cütlükləri məlum oldu

Dünən İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Püşk İspaniya "Barselona"sı ilə Almaniya "Bavariya"sını üz-üzə qoyub.
Bu duel sonuncuların baş məşqçisi Xosep Qvardiolanın sabiq komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olacaq. Digər dueldə İtaliya "Yuventus"u İspaniya "Real"ını sınağa çəkəcək.
Final oyununun nominal meydan sahibi də püşklə müəyyənləşib. Almaniya paytaxtı Berlində baş tutacaq həlledici qarşılaşmada meydan sahibi "Yuventus" - "Real" cütünün qalibi olacaq.
Yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici qarşılaşma iyunun 6-da Almaniyanın paytaxtı Berlinin Olimpiya stadionunda baş tutacaq.
Çempionlar Liqası, yarımfinal (5-6 may/12-13 may)
1. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
2. "Yuventus" (İtaliya) - "Real" (İspaniya)
Final (6 iyun)
2-ci cütün qalibi - 1-ci cütün qalibi
Dünən həmçinin UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının yarımfinal və final mərhələlərinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində mövsümün son püşkü əvvəl finalçıları müəyyənləşdirəcək 2 cütlüyün tərkibinə aydınlıq gətirib.
Püşkün nəticələrinə əsasən, İtaliya klublarını fərqli cütlərə düşüb. "Napoli" Ukrayna "Dnepr"i, "Fiorentina" isə İspaniya "Sevilya"sına rəqib olub. Ardınca isə finalın nominal meydan sahibini müəyyənləşdirib.
"Napoli" - "Dnepr" görüşünün qalibi finalın nominal meydan sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.
Avropa Liqası, yarımfinal (7 may/14 may):
1. "Napoli" (İtaliya) - "Dnepr" (Ukrayna)
2. "Sevilya" (İspaniya) - "Fiorentina" (İtaliya)
Final (27 may)
1-ci cütün qalibi - 2-ci cütün qalibi
İlkin Həsənoğlu

24-04-2015, 19:35



Fikirlər