Çempionlar Liqası: "Real" və "Yuventus" yarımfinalda

Çempionlar Liqası: "Real" və "Yuventus" yarımfinalda

Çempionlar Liqası: "Real" və "Yuventus" yarımfinalda
Avropanın ən nüfuzlu klub turnirində gecəyə gərgin qarşılaşmalar damğa vurdu

Dünən gecə Çempionlar Liqasında (ÇL) daha iki yarımfinalçının adı müəyyənləşib. Ötən mövsümün finalçıları "Real" və "Atletiko" kimin güclü olduğuna aydınlıq gətirib.

"Visente Kalderon"da qolsuz heç-heçədən sonra "kral klubu" cütün favoriti təsiri bağışlayırdı. Lakin bir neçə əsas futbolçusunun zədələnərək sıradan çıxması "Real"ın işini müşkülə çevirib. Qaret Beyl, Luka Modriç və Benzemanın yaşadıqları problemlər belə, meydan sahiblərinin arzularını ürəyində qoymayıb. Gərgin qarşılaşmada görüşün taleyini yalnız bir qol həll edib. Bu top isə "Real"ı yarımfinala daşıyıb.
Digər 1/4 finalın cavab matçında "Yuventus" səfərdə "Monako"ya qarşı mübarizə aparıb. Turində knyazlıq təmsilçisinə minimal hesabla qalib gələn "qoca sinyora" yarımfinala yüksəlmək əzmində idi. Bundan əvvəlki etapda "Arsenal"a "sürpriz" yaşadan "Monako" "Yuventus" ev oyununda qolsuz heç-heçəyə razılaşıb. Bununla da, yarımfinala yüksəlmək eyniadlı şəhərin klubuna müyəssər olmayıb.
Çempionlar Liqası, 22 aprel , 1/4 final, cavab oyunları:
"Real" - "Atletiko" - 1:0
Qol: Xavier Hernandez, 88
Qırmızı vərəqə- Arda Turan, 76
Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. "Santyaqo Bernabeu" stadionu.
İlk oyun: 0:0
"Real": Kasilyas, Rafael Varan, Serxio Ramos, Fabio Koentrao, Daniel Karvaxal, Pepe, Toni Kroos, Xames Rodriqez, İsko, Ronaldo, Xavier Hernandez.
Baş məşqçi: Karlo Ançelotti
"Atletiko": Oblak, Dieqo Qodin, Xesus Qamez, Xuanfran, Miranda, Tiaqo, Koke, Qrizmann, Arda Turan, Nikez, Mandcukiç.
Baş məşqçi: Dieqo Simeone
"Monako" - "Yuventus" - 0:0
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
Monte Karlo."Stad Luis II" stadionu
İlk oyun: 0:1
"Monako": Subaşiç, Fabinyo, Kurzava, Abdennur, Andrea Radji, Moutinyo, Kondoqbiya, Tulalan, Bernardo Silva, Yannik Ferreyra Karrasko, Antoni Martial.
Baş məşqçi: Leonardo Jardim
"Yuventus": Buffon, Çellini, Barzalyi, Leonardo Bonuççi, Patris Evra, Klaudio Markisio, Andrea Pirlo, Arturo Vidal, Lixtştayner, Alvaro Morata, Karlos Tevez.
Baş məşqçi: Massimiliano Alleqri

Qarşılaşmalardan sonra kim nə dedi?

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone: "Məğlubiyyətə baxmayaraq komandamdan razıyam. Komandamla fəxr edirəm. Belə ağır turnirdə çox yaxşı mübarizə apardıq. Mənim əla komandam var. Onlar əsl kişilərdi. Yaxşı və ya pis oynaya bilərik. Amma şadam ki, məhz belə futbolçulara sahibəm.
İlk on dəqiqədə çətinlik çəkdik. "Real" oyuna fəal başladı. Ancaq sonradan balansı tarazlaşdırdıq. Rəqib topa daha çox nəzarət etsə də, biz bütün mövqeləri bağlaya bilmişdik. Harda lazım idisə, orda da olurduq.
Uşaqlıqda məni sona qədər mübarizə aparmağa öyrədiblər. Nə vaxt ki, bütün gücümü sərf edib uduzurdum, onda evə razı halda qayıdırdım. Hesab edirəm ki, hər bir məşqçi 90 dəqiqə ərzində bütün gücünü meydanda sərf edən futbolçulara sahib olmaq istəyər".
"Real"ın baş məşqçisi Karlo Ançelotti: "Yaxşı oyun keçirdik. Lap əvvəldən topa nəzarət etdik, rəqibə kəskin əks-hücumlar qurmağa imkan vermədik. Xavyer Ernandes fantastik oynadı. O, qol vurmağı haqq etmişdi. Xavyer mövsümün əksər hissəsində oynamamışdı. Ancaq məlum oldu ki, döyüşə hazırdı.
Fikirləşdim ki, Serxio Ramosu yarımmüdafiədə oynatsam, standart vəziyyətlər zamanı özümüzü komfort şəraitdə hiss edəcəyik. Onda meydanın mərkəzində çıxış etmək üçün bütün keyfiyyətlər var.
Bu, mövsümün ən vacib oyunu idi. "Atletiko" həmişə yaxşı oynayır. Ancaq biz vəzifənin öhdəsindən gəldik. Hələ ki, sağıq, daha bir finalda oynamq istəyirik. "Real" istənilən yarımfinalçı ilə problemsiz mübarizə apara bilər. Baxaq görək, kiminlə qarşılaşacağıq".
"Yuventus"un baş məşqçisi Massimliano Alleqri: "İstəyirəm ki, bu uğuru azarkeşlərimizlə birgə qeyd edim. "Yuventus" üçün fantastik mövsüm oldu. Klubumuzun yenidən Avropa qrandı olması üçün yaxşı fundament qurmuşuq. "Monako" yaxşı komandadı, ona görə də biz fantastik oyun sərgiləyə bilmədik. Qol imkanlarımız az oldu, amma əvəzində yaxşı müdafiə olunduq.
Xarakter göstərməyə borcluyduq və bunu da bacardıq. Bu gün bütün gücümüzü sərf etdik. Bizim əla komandamız var. Bu gün sərgilədiyimiz oyunu ideal hesab etmək olmaz. Amma biz istənilən ssenariyə hazır idik.
Futbolçularımız hansısa virusa yoluxmuşdular. Uşaqlar xəstə görkəmdəydi. Buna görə də bizim uğurumuzun qiyməti daha böyükdü. Əminəm ki, azarkeşlərimizi ürəkləri istəyən kimi sevindirə bildik. 12 ildən sonra yenidən yarımfinaldayıq.
Heç kimdən qorxmuram. Avropanın ən yaxşı komandaları ilə mübarizə aparacağıq. Bu, çox həyacanlı imtahan olacaq".
"Monako"nun baş məşqçisi Leonardu Jardim: "Biz ÇL-də Fransanı şərəflə təmsil etik. İndi məyusuq, amma özümüzlə fəxr edirik. "Monako" hər iki oyunda "Yuventus"dan heç bir komponentdə geri qalmadı. Komandamızın və futbolçularımızın nəyə qadir olduğunu bütün Avropaya göstərdik. Belə fantastik mövsümdən sonra qarşımıza qoyulan hədəflərə bir daha nəzər salıb, nöbəti mövsümə hazırlaşmalıyıq.
Monakonu və Fransanı şərəflə təmsil etdik. İndi bizə bərpa olunmaq lazımdı. Həm fiziki, həm də psixoloji planda. Ən yaxın hədəfimiz isə Fransa çempionatında qarşımıza qoyulan tapşırığı yerinə yetriməkdi".
İlkin Həsənoğlu

24-04-2015, 04:28



Fikirlər