Rusiya nəzərlərini Yaxın Şərqə çevirir

Rusiya nəzərlərini  Yaxın Şərqə çevirir
Rusiya nəzərlərini
Yaxın Şərqə çevirir

İndi Kremlin bölgədə devrilməsinə inadkarcasına müqavimət göstərən Bəşər Əsəd kimi müttəfiqi var

Vladimir Putin Yaxın Şərqdə yeni müttəfiqliklər qurur. Rusiyanın İrana S-300 yer-göy raket sistemini satmaq qərarı Qərbdəki tənqidçiləri qəzəbləndirib və eyni dərəcədə də İsrail hökumətinin həyəcanına səbəb olub.

BBC yazır ki, bəziləri üçün İran və beynəlxalq birlik arasında təsəvvürə gələn hər hansı nüvə sazişinin imzalanıb-imzalanmayacağına dair yeni suallar doğub.
Lakin eyni dərəcədə bu, həm də Rusiyanın Yaxın Şərqdəki nüfuzunu artırması istiqamətində yeni bir cəhdi hesab oluna bilər.
İrana S-300 raketlərinin satılması barədə qərar yeni xəbər deyil. Bu barədə müqavilə 2010-cu ildə imzalanıb.
Lakin ən müxtəlif səbəblərdən - İranın nüvə fəaliyyəti ilə bağlı narahatlıq üzündən və ya İsrailin lobbiçiliyindən, ruslar sistemin İrana satışını indiyədək başa çatdırmamışdılar.
Bu da bəlli deyil ki, Moskva İrana S-300-ün hansı modifikasiyasını satacaq.
Bu artıq heç də Rusiyanın ən təkmil havadan müdafiə sistemi deyil, lakin hər halda yüksək qabiliyyətli qurğudur, həm də İsrailin və Qərbin regionda apardıqları son hərbi kampaniyalarda üzləşdikləri ən kamil system sayıla bilər.

Nüvə sazişindən
narahatlıq

Tənqidçilər deyirlər ki, mükəmməl havadan müdafiə sistemləri İrana qarşı hərbi təhlükələri zəiflədir və beləliklə də, yekun nüvə sazişinin imzalanması üçün onun üzərinə edilə biləcək təzyiqi də zəiflətmiş olur.
Rusiyanın məsələyə baxışı belədir ki, müstəsna olaraq müdafiə xarakteri daşıyan sistem çox təlatümlü bir regionda satılıb.
Satış bir neçə il dayandırılıb və nəhayət indi, İranın nüvə danışıqlarındakı güzəştlərindən sonra başa çatdırılıb.
Ekspertlərin fikrincə, S-300 sistemi İranın hava hücumundan müdafiə çevrəsini genişləndirəcək.
S-300 sistemi Qərbə yaxşı tanışdır. NATO üzvü Yunanıstan S-300-ün erkən versiyasına malikdir. Bu sistem əvvəlcə Kiprə satılmışdı.
Bir sıra etibarlı məlumatlara görə, İsrail və Qərbin hərbi hava qüvvələri bu sistemə qarşı mübarizə texnikasına yiyələniblər.
Bir sözlə S-300 sistemi ilə bağlı xeyli-şişirdilmiş söz-söhbət gedib.
Hər halda bu möcüzəli bir silah deyil, lakin bununla belə, S-300 İranın infrastrukturu üzərinə, xüsusilə də İsrailsayağı təkbaşına hava hücumlarını çətinləşdirəcək.
Elə isə S-300 raketlərinin arxasında başqa nəsə dururmu?

Putinin məqsədləri

Bəziləri bunu hər tərəfdən sıxışdırılmış Rusiya prezidentinin Qərbə dil çıxartması kimi də başa düşə bilərlər.
Digər tərəfdən Ukrayna ilə əlaqədar yaranmış gərginlik Moskvanın İranla danışıqlarda əngəl törətməsinə səbəb olmayıb.
Bir başqaları isə Vladimir Putinin İrana S-300 sisteminin satışı üzərindəki qadağanı götürməsini Moskvanın yeni Yaxın Şərq siyasətinin başlanğıcı kimi qiymətləndirirlər.
Moskvadakı Carnegie Mərkəzindən Rusiya xarici siyasəti üzrə ekspert Dmitri Trenin məhz bu qənaətdə olanlardan biridir.
"Həmişə olduğu kimi, bu sövdələşmənin də məqsədləri mürəkkəbdir" - deyir Trenin.
"Bir milyard dollar, xüsusən də çətin vaxtlarda artıqlıq eləmir, lakin İranla münasibətlərin inklişaf etdirilməsi uzaq perspektivdə bundan da qiymətlidir" - bildirir ekspert.
Onun fikrincə, Rusiya Qərblə münasibətlərin tamamilə dağıldığı bir vaxtda qeyri-Qərb oyunçuları ilə bağlarını möhkəmlətməyə və genişləndirməyə çalışır.
Vaşinqtonun İraqdakı fəallığı illərində belə görünürdü ki, Rusiyanın bir vaxtılar Yaxın Şərqdəki güclü rolu qürub çağını yaşayır. Onun Suriyadakı Tartus bazası post-Soyuq müharibə dövrü üçün çox simvolik görünürdü.
Lakin görünənlər aldadıcı ola bilər.
Əslində, Rusiya buralardan heç vaxt tam şəkildə çıxıb getməyib və iflasa uğramış nüfuzunu artırmaq üçün ələ düşən imkanlardan maksimum istifadə edib.
Suriya izi

Buna misal olaraq inadkarlığı ilə Qərbə meydan oxuyan Bəşər əl-Əsədi göstərmək olar.
Cənab Trenin deyir ki, Rusiyanın Suriya və Əsəd barədə münasibəti son dörd ildə burada baş verənlərdən formalaşıb.
"Prezident Əsəd hələ ki yerində dayanıb. Dünyəvi müxalifət heç nəyə nail ola bilməyib. İslam Dövləti güclü faktordur, lakin İD-in qarşısından qaçmaq heç ağla da gətirilmir" - deyir Trenin.
Treninin fikrincə Kreml regionu ABŞ-dan daha yaxşı başa düşdüyünə əmindir.
Moskva bu qənaətdədir ki, müttəfiqləri dəyişməkdənsə, bir müttəfiqə bağlı qalmaq sərfəlidir.
Onun fikrincə, cənab Putin inanır ki, Rusiya Yaxın Şərqə Sovet İttifaqından fərqli bir şəkildə qayıtmalıdır.
Və bu dəyişilmə əhəmiyyətli olub.
"Dörd il bundan əvvəl - deyir Trenin, - Rusiya Yaxın Şərqdə yalnız özünün çimərliklərdə dincələn turistləri şəklində mövcud idi. İndi isə Rusiyanın burada, devrilməsinə inadkarcasına müqavimət göstərən Əsəd kimi müttəfiqi var.
"Rusiya öz vasitəçiliyini edir, - deyir Trenin, - Suriyaya dair Moskvada iki sülh danışıqları keçirilib, İrana gəldikdə isə, bu ölkə onun regional partnyorudur".
Üstəlik ABŞ-ın köhnə müttəfiqi Misir Moskva ilə yenidən mehribanlaşmağa başlayıb.
Rusiya ilə böyük silah sazişi ötən il imzalanıb və bu, Qahirənin Vaşinqtonla münasibətlərindəki çətinliklərdən xəbər verir.
Moskva həm də regionun başqa böyük bir gücü ilə - Türkiyə ilə praqmatik münasibətlər qura bilib.

İsrailin gərginliyi

Siyasi mənzərədə yeganə ləkə İsraildə Rusiyanın İrana S-300 raket sistemini satmaq qərarı ilə bağlı yaranmış narahatlıqdır.
İsrail baş naziri Benjamin Netanyahu raket sövdələşməsindən narahatdır
İsrail Moskvanın rəğbətini qazanmaq üçün Gürcüstanla silah sövdələşməsindən əl çəkib və Ukraynaya sərfəli dron satışı barədə tərəddüd keçirir.
İranla daha yaxın münasibətlər həmçinin səudiləri və Körfəzi qıcıqlandıracaq.
Cənab Treninin fikrincə, Rusiyaya bu məsələdə ağıllı yanaşma lazımdır ki, təhlükəli münasibətlər və lüzumsuz müdaxilələr yaranmasın.
Əlbəttə bütün bunları baş çıxarılması çətin olan diplomatik cəngəlliklərdir, çünki regionun əhəmiyyətli hissəsinin xaos və qan tökülməsinə yuvarlanması ilə çoxsaylı regional rəqiblər ortaya çıxıb.
Murad İbrahimli

23-04-2015, 06:35



Fikirlər