MƏŞHUR İŞ ADAMINA ŞOK İTTİHAMLAR! – “Bu cür görməmiş, savadsız, həris birinin…”

MƏŞHUR İŞ ADAMINA ŞOK İTTİHAMLAR! – “Bu cür görməmiş, savadsız, həris birinin…”














“Görməmişlik, hərislik onu çox qorxulu yollara saldı. Etibar Əliyev iqtidar olmağın yolunu öz aləmində tapmışdı“

“Etibar Əliyev o qədər varlanmışdı, o qədər güclənmişdi ki, gözü ayağının altını seçməz olmuşdu. Artıq adam siyasətə könül vermişdi…Etibar Əliyev iqtidar olmaq (!) istəyirdi. Bəli, bəli. Məhz iqtidar olmaq. Artıq bankirlik onu sıxırdı”. Bu fikirlər Rauf Arifoğlunun sahibi olduğu “Yeni Müsavat” Media Qrupuna daxil olan “minval.info” saytında dərc edilmiş “Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı” başlıqlı yazıdan götürülüb. Yazıda “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri, Eldar Mahmudovun rəhbərlik etdiyi dövrdə MTN tərəfindən həbs olunan, bir neçə illik həbsdən sonra azadlığa buraxılan və yenidən “Texnikabank”ın rəhbərliyinə gətirilən məşhur və qalmaqallı iş adamı Etibar Əliyevə qarşı sensasiyalı ittihamlar irəli sürülür.
Son vaxtlar kölgəyə çəkilən Etibar Əliyevin adının yenidən gündəmə gətirilməsinin səbəbləri qaranlıqdır…
Sayt yazır: “Adam pula pul demirdi. Nəzarətində yüz milyonlarla dollar-manat vardı. Şans bu balacaboylu, hikkəli, ədabaz adamın üzünə gülmüşdü. Bazarlarda parça satan Etibar bank sahibi olmuşdu. Mühafizəylə gəzməyə başlamışdı. Dünyaya AA seriyalı bahalı maşınların pəncərələrindən baxmağa başlamışdı. Qəbul otağında “mini yubkalı” sarışın katibələr otururdu, qorumalara arxayın olub sözün əsl mənasında lotuluq edirdi, villalarda, saraylarda yaşamağa başlamışdı.Bir sözlə, adam özü də gözləmədən yağ-bal içinə düşmüşdü. Bu cür görməmiş, savadsız, həris birinin üzünə-gözünə bulaşdırmayacağı mümkün deyildi.
Etibar Əliyev o qədər varlanmışdı, o qədər güclənmişdi ki, gözü ayağının altını seçməz olmuşdu. Artıq adam siyasətə könül vermişdi. Birdən elə zənn edərsiz o, deputatlıq sevdasına düşüb? Yox. Nə danışırsız? Etibar hara, deputatlıq hara. O, deputatları qəbul otağında gözlədəcək qədər güclü bir fiqura çevrilmişdi. Bəlkə nazir olmaq keçirmiş ürəyindən? Əsla! Əksər nazirlər onunla “çerez katibə” danışmaq şərəfinə nail olanda, özlərini xoşbəxt sayırdılar. Etibar Əliyev çox az adamla birbaşa, mobil telefondan əlaqə qurardı. Onunla danışmaq istəyən əksəriyyət qəbul otağına zəng edirdi”.
Yazıda daha sonra Etibar Əliyevin əldə etdiyi imkanlardan yararlanaraq hakimiyəti ələ keçirmək fikrinə düşdüyü belə iddia edilir. Sitat: “Etibar Əliyev iqtidar olmaq (!) istəyirdi. Bəli, bəli. Məhz iqtidar olmaq. Artıq bankirlik onu sıxırdı. Nə qədər obyekt almaq, torpaq sahibi olmaq, xaricdə otel, restoran tikdirmək olardı?! Bunlar daha ona “kayf” vermirdi. O, daha böyük hədəflər müəyyən etmişdi özü üçün. Arxasında kifayət qədər gücü, dəstəyi, sərəncamında yüz milyonlarla vəsaiti olan adam niyə bu cür riskli fikrə düşsün? Bu sualın cavabı türmələrdə çürüyən sabiq nazirlərin talelərinin timsalında dəfələrlə verilib. Amma nə yazıq ki, kimsə başına öz ağılsızlığı və gerizəkalılığı ucbatından müsibətlər gələn qardaşının taleyindən ibrət götürməyib. Bizim bu bədbəxt ölkədə həmişə belə olub. Cibinə beş manat para girən adam siyasət virusuna yoluxur. İş adamı deputatlıq eşqinə düşüb. Deputat nazir olmaq istəyib. İcra başçısı komitə sədrliyi uğrunda vuruşub. Nazirlər baş nazir olmaq həvəslənib.Bəzən də prezident olmaq üçün alt-altdan iş görüblər. Sonları da qismətləri ya mühacirət olub, ya türmə. Bizim qəhrəmanımız da belələrindəndir. Görməmişlik, hərislik onu çox qorxulu yollara saldı. Etibar Əliyev iqtidar olmağın yolunu öz aləmində tapmışdı.Hazırkı hökumətdə öz yerini görə bilmədiyi üçün və mövcud iqtidardan narazı qaldığına görə (guya bu, daha böyük postlara layiq imiş, baş nazir ola biləcək qabiliyyəti varmış, lakin nəzərə alınmayıb filan) acığını, siyasi hərisliyini soyutmaq üçün həyatının ən böyük yanlışının əsasını qoyur”.
Saytın yazdığına görə, E.Əliyev hakimiyyəti ələ keçirmək arzusunu reallaşdırmaq üçün illər öncə gizli şəkildə siyasi müxalifətlə əlaqələr qurmağa başlayıb. Onun hakimiyyətin “bir nömrəli düşməni” olan AXCP sədri Əli Kərimli ilə münasibət yaratdığı, AXCP-yə maliyyə dəstəyi verdiyi iddia edilir. E.Əliyevin Əli Kərimlinin qaynını öz bankında yüksək vəzifəyə işə götürməsi də bununla izah edilir: “Təsəvvür edin, hakimiyyətin əsas rəqibi, iqtidarın bir nömrəli düşməni olan bir siyasi liderin qaynını Etibar öz bankına filial müdiri vəzifəsinə təyin etmişdi. ”
Yazıda AXCP rəhbərliyinin bütün maliyyə əməliyyatlarının “Texnikabank” üzərindən reallaşdırması da Etibar Əliyevin birbaşa göstərişi ilə izah olunur. Bu barədə virtualaz.org saytında yazıların dərc edildiyi xatırladılaraq, Etibar Əliyevin həbsi iqtidara xəyanətinin ifşa olunması ilə bağlanılır: “Etibar Əliyevin biabırçı formada həbs edilməsi, bankının əlindən alınması da onun iqtidara xəyanətinə görə idi. Hansı ki, o, məhz bu iqtidarın hesabına milyarderə çevrilmişdi”.
E.Əliyevin hakimiyyətə arxadan süngü soxaraq, müxalifətlə işbirliyi qurduğu üçün əvvəlcə azadlığını, sonra bankını, ən əsası da etibarını, etimadını itirdiyi bildirilir.Sonradan ona ikinci şans verildiyi, ancaq onun bundan da yararlana bilmədiyi, Əli Kərimliyə məxsus hesabı qaytarmaq istəyərkən (?!-red.) suç üstə yaxalandığı iddia edilir: “E.Əliyev 2015-ci ilin dekabrında yenidən “Texnikabank”a qaytarıldı. Ona verilmiş ikinci şansdan da yararlana bilmədi. O, Əli Kərimlinin bankdakı 500 min dollarlıq hesabını bu basa-basda qaytarmaq istəyərkən suç üstə yaxalandı. Bəli, Etibar Əliyev öz ayağısürüşkənliyini növbəti dəfə sübuta yetirdi. Onu Allah bilir neçənci kəs həyatın dibindən çəkib çıxaranlara xəyanət etdi”.
Göründüyü kimi, ölkənin tanınmış media qruplarından birinə aid saytda tanınmış iş adamı barədə çox ciddi ittihamlar irəli sürülüb. Bu ittihamların konkret məlumatlara əsaslandığını, yoxsa hansısa maraqlar naminə səsləndirildiyini söyləmək çətindir. Buna yalnız E.Əliyevin özü aydınlıq gətirə bilər.
E.Əliyevlə əlaqə yarada bilməsək də, istənilən vaxt mövqeyini işıqlandırmağa hazırıq.
Rasim
AzPolitika.info

20-06-2018, 14:31



Fikirlər