"Öncə möhtərəm prezidentimizə, sonra da sizə minnətdaram, cənab nazir..." - Övladının adı əfv siyahısına düşən ananın təşəkkürü

"Öncə möhtərəm prezidentimizə, sonra da sizə minnətdaram, cənab nazir..." - Övladının adı əfv siyahısına düşən ananın təşəkkürü















Yenicə Ekologiya və Təbii Sərvətlər Naziri postuna təyin olunmuş Muxtar Babayev təqdirəlayiq təşəbbüsü ilə diqqətə gəlib. Belə ki, ETSN rəhbəri onun adına müraciət edən məcburi köçkün ailəsini ümidsiz buraxmayıb. Xatırladaq ki, buna qədər də məhz bir neçə ağacı kəsməsi səvəvindən azadlıqdan məhrum edilmiş Behbudov Fuadın və onun yaxınlarının ayrı-ayrı instansiyalara müraciətlərini işıqlandırmışdıq. Və müraciətlərinin birində məhbus və onun ailəsi ETSN rəhbəri Muxtar Babayevdən əfv komissiyasına müraciət etməsini xahiş etmişdilər. Və bu da baş verdi.

Dünən isə prezident İlham Əliyev məhbus ailəsini sevindirən qərarını verdi. Əfv fərmanı ilə Azərbaycan dövləti tərəfindən bağışlananlar sırasında 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2017-ci il 29 sentyabr tarixli hökmü ilə məhkum edilmiş Behbudov Fuad Natiq oğlunun da adı var. Bununla bağlı məhbusun anası 65 yaşlı Behbudova Xatirə Şəkəralı qızı prezident İlham Əliyevə və nazir Muxtar Babayevə DİA.AZ vasitəsilə təşəkkürlərini çatdırır:

"Hörmətli prezident! Cənab nazir! Siz bu müqəddəs Ramazan ayında bizim ailəni sevindirdiniz. Allah da Sizləri sevindirsin. Azadlıq böyük nemətdir və Sizlər mənim övladıma bu neməti yenidən daddırdınız ki, buna görə bir ana olaraq Sizə ömür boyu minnətdaram.

Öncə möhtərəm prezidentimizə, sonra da sizə minnətdaram, cənab nazir..."

Daha sonra sevincini redaksiyamızla bölüşən ana ETSN-nin bu təşəbbüsdə xüsusi diqqəti olan bəzi əməkdaşlarına da təşəkkür borcu olduğunu bildirib: "Mən övladımın azadlığa çıxmasında ETSN-nin bütün canyandıran əməkdaşlarına minnətdaram. Onların qarşısında borcluyam. Amma bəzilərinin adlarını mütləq çəkmək istəyirəm. Mətbuat xidmətindən İradə xanım sanki öz yaxının, doğmasının işi kimi yanaşdı müraciətimizə. Eləcə də hüquq şöbəsindən Ədalət müəllim. Hər ikisinə təşəkkür edir, onlara bir ana kimi minnətdarlığımı çatdırıram. Sizlər bu müqəddəs ayda bizim ailəyə hansı sevinci nəsib etmənizi bəlkə də təsəvvür belə etməzsiniz".

25-05-2018, 16:48



Fikirlər