5 manatlıq imtahan kimlərin marağına işləyir? - GİLEY

5 manatlıq imtahan kimlərin marağına işləyir? - GİLEY
















Təhsil Texnologiyaları Mərkəzi tərəfindən Bakı şəhərində 20 məktəbdə və Fətəlixan Xoyski küçəsi 78 ünvanında yerləşən məktəb lisey kompleksində 4-cü siniflər üçün 1-ci yarımil üzrə həm Azərbaycan, həm də rus bölməsinin şagirdləri üçün sınaq imtahanı keçirilib. İmtahanla bağlı ttm.edu.az saytında ətraflı məlumat yerləşdirilib və qeyd edilib ki, imtahanın qiyməti 5 manatdır.

Maraqldır ki, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən keçirilən bu imtahanın əhəmiyyəti varmı?

Onsuz da çətin sosial durumda yaşayan əhaliyə 4-cü siniflər üçün imatahanın keçirilməsi əlavə bir yükdür. Çünki 5 manat, üstəlik imtahan başqa məktəbdə keçirildiyi üçün yol, yemək xərci də lazımdır ki, bu da valideynlərin haqlı narazılğına səbəb olub. Başa düşmək olmur ki, bu imtahanın keçirilməsi nəyə xidmət edir?

“İmtahan “oyun”una son qoymaq lazımdır”

Təhsil üzrə ekspert Nadir İsrafilov Hurriyyet.org-a verdiyi müsahibədə bu imtahanların nə məqsədlə keçirilməsi haqqında haqlı olaraq qeyd etmişdi ki, yaradılan mərkəzlərin hamısı pulun üstündə qurulub: “Dördüncü siniflər üçün imtahana istənilən 5 manat da ona görədir. Uşaqları bu qədər yükləmək olmaz. Dünya təcrübəsində proqram, normativlər var, 4-cü sinifdə nə imtahan?! O imtahana nə ehtitac var? Ümumiyyətlə, imtahan “oyun”una son qoymaq lazımdır. Təkrar edirəm, bunlar hamısı pula görədir. Heç kim təhsilin keyfiyyətinə əhəmiyyət vermir. Bunun üzərində xüsusi nəzarət olmalıdır ki, bunu nə məqsədlə edirlər. Təhsilə cavadeh orqan Təhsil Nazirliyidir. Bu kimi məsələrlə Təhsil Nazirliyi maraqlanmalıdır”.

“Biz bu məsələyə baxmırıq”

4-sinifdə oxuyan şagirdlərinin valideynlərinin narazılığını və N.İsrafilovun tövsiyyəsini nəzərə alıb, məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlliyin mətbuat xidmətindən bildirildi ki, bu məsələ ilə bağlı Təhsil Texnologiyaları Mərkəzinə müraciət edək: “Biz bu məsələyə baxmırıq. Təhsil Texnologiyaları Mərkəzinə - 055 644 70 22 nömrəli telefona zəng edin, onlar sizin müraciətinizə cavab versin”.

“Mən texniki işçiyəm, bu barədə heç nə deyə bilmərəm”

Qeyd olunan nömrə ilə əlaqə saxladıqda isə özünü Ələsgər müəllim kimi təqdim edən şəxs bildirdi ki, o, texniki işə baxır: “Mən bu barədə heç nə deyə bilmərəm”. Təhsil Texnologiyaları Mərkəzinin şəhər nömrəsinə isə ümumiyyətlə cavab verən olmadı.

Maraqlıdır ki, təhsilə cavabdeh orqan Təhsil Nazirliyi olduğu halda, nazirliyin sözçüsü “Təhsil Texnologiyaları Mərkəzinə müraciə edin”, -deyir, Təhsil Texnologiyala Mərkəzinin işçisi isə bildirir ki, o, texniki işçidir, bu barədə heç nə deyə bilməz.

Təhsillə bağlı sualdan Təhsil Nazirliyi yayınırsa və yaxud imtahanı qəbul edən Təhsil Texnologiyaları Mərkəzinin işçici özünü “texniki işçi” kimi təqdim edirsə, narazı vətəndaşlar və yaxud mətbuat işçiləri kimə və hara müraciət etməlidir?

Təhsil Nazirlliyinin sözçüsü bilsin ki, təhsilə cavabdeh orqan Təhsil Nazirliyidir, Təhsil Texnologiyaları Mərkəzi yox. Nazirliyin razılığı olmasa, Təhsil Texnologiyaları Mərkəzi heç bir məktəbdə 4-cü sinif şagirdlərindən imtahan qəbul edə bilməz. Elə məhz buna görə də, şübhə yoxdur ki, 4-cü siniflərdən yığılan pullardan təkcə Təhisl Texnologiyaları Mərkəzinin deyil, eyni zamanda Təhisl Nazirliyinin də payı var. Bu imtahan “oyun”u da elə pul yığmaq məqsədi daşımırmı?!

30-01-2018, 07:28



Fikirlər