"Qarabağ bütün türklərin vətənidir" - Millət vəkili

"Qarabağ bütün türklərin vətənidir" - Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Nigde Universitetində 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı mühazirə oxuyub.
Lent.az-ın məlumatına görə, millət vəkili Q.Paşayeva qondarma erməni soyqırımı iddialarının yalan olması, tarixdə ermənilərə qarşı heç bir soyqırımın olmaması, erməni terror və silahlı dəstələrinin türk insanına qarşı həyata keçirdiyi soyqırımlar, 31 Mart soyqırımı barədə geniş məruzə ilə çıxış edərək gənclərin tarixi dərindən bilməsinin vacibliyini vurğulayıb. Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir deyən Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var:
“Qarabağ əsrlər boyu Azərbaycan və Türk tarix və mədəniyyətinin beşiklərindən biri olub, amma bu gün işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və təəssüf ki dünya bu vandalizmə seyriçi qalır.”
Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasının sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq acısı olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.
Millət vəkili Qənirə Paşayeva çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.


Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib: “Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”.
Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcəklə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva tələbələrin suallarını da geniş cavablandırıb və onlara araşdırmalarında Azərbaycana xüsusi diqqət ayırmağa çağıraraq onları ölkəmizə dəvət edib.

28-03-2016, 09:09



Fikirlər