“Aqrolizinq” ASC vasitəsi ilə qoyulan sərmayələr özünü necə doğruldur?

 “Aqrolizinq” ASC vasitəsi ilə qoyulan sərmayələr özünü necə doğruldur?
















Kənd təsərrüfatında və bütünlükdə aqrar sektorda texniki xidmət sahəsində “Aqrolizinq” ASC-nin monopoliya sahibi olması danılmaz faktdır

Kənd təsərrüfatı üzrə mütəxəssis: ““Aqrolizinq”in fəaliyyəti dayandırılmalı və bu istiqamətdə müstəqil sahibkarların texnika servislərinin yaranmasına şərait yaradılmalıdır”

“İmkan yaratmaq lazımdır ki, bu sahə ilə məşğul ola biləcək sahibkarlar bazara çıxsın. O sahibkarlar ki, onlar xarici ölkələrlə müqavilə bağlayacaqlar, öz hesablarına həmin ölkələrdən texnika və texnikanın ehtiyyat hissələrini alıb ölkəyə gətirəcəklər və rəqabət şəraitində texniki xidmət təklif edəcəklər”.

Bu sözləri ekspert Vahid Məhərrəmov kənd təsərrüfatı sektorunun texniki təminatının gücləndirilməsi ilə bağlı fərmanı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, prezident İlham Əliyev fevral ayının 23-də kənd təsərrüfatı sektorunun texniki təminatının gücləndirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, kənd təsərrüfatı texnikasının alınması üçün dövlət büdcəsindən 160 milyon manat ayrılıb. Vəsait taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə “Aqrolizinq” ASC-yə ayrılır.

Demək olar ki, hər il Azərbaycan kənd təsərrüfatı üçün ən yeni texnikalar alır. Buna baxmayaraq “Aqrolizinq” ASC-nin fəaliyyəti heç də özünü doğrultmur. Kəndlərdə təsərrüfat sahibləri hələ də əkin shələrini köhnə, sovet dşnəmindən qalan teknika ilə əkib becərirlər. Bunun bir səbəbi “Aqrolizinq” ASC-nin texnika servisi üçün tələb etdiyi qiymətlərin baha olması olsa da, digər səbəbi də yerlərdə məmurların həmin texnikaları ələ keçirmələri və öz təsərrüfatlarına yönləndirmələri ilə bağlıdır. Kənd təsərrüfatında və bütünlükdə aqrar sektorda texniki xidmət sahəsində “Aqrolizinq” ASC-nin monopoliya sahibi olması isə danılmaz faktdır. Bir çox səbəblərdən isə pay torpaqlarının sahibləri “Aqrolizinq” ASC-nin xidmətindən kənar qaçırlar. Bunun səbələrindən biri də dövlətin nəzarətində olan “Aqrolizinq” ASC-nin texniki xidmətinin təklifində rüşvət meyarının da olmasıdır. Həmçinin “Aqrolizinq” ASC-də korrupsiya faktları barədə davamlı olaraq ittihamlar səsləndirilir.

Prezident tərəfindən kənd təsərrüfatına “Aqrolizinq” ASC vasitəsi ilə qoyulan sərmayələr özünü necə doğruldurmu? Həmçinin hər il prezident tərəfindən kənd təsərrüfatının inkişafına kifayət qədər sərmayə ayrılsa da, hələ də aqrar sektorun ölkə iqtisadiyyatında aparıcı rola sahib olmamasının səbəbləri nədir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmovun fikirlərini öyrənib.

“Aqrolizinq”in fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayan ekspert Vahid Məhərrəmova görə, bazarda müstəqil sahibkarlar olmadıqca aqrar sahənin inkişafı gözlənilən deyil:

“Hər zaman dediyim kimi, “Aqrolizinq” ASC ləğv edilməlidir. Bu cür qurumu dövlət büdcəsi hesabına saxlamaq səmərə verməyəcək. İmkan yaratmaq lazımdır ki, bu sahə ilə məşğul ola biləcək sahibkarlar bazara çıxsın. O sahibkarlar ki, onlar xarici ölkələrlə müqavilə bağlayacaqlar, öz hesablarına həmin ölkələrdən texnika və texnikanın ehtiyyat hissələrini alıb ölkəyə gətirəcəklər və rəqabət şəraitində texniki xidmət təklif edəcəklər. Nəticədə isə kəndlilərə və fermerlərə fərqli qiymətə təqdim edəcəklər. Bu addım digər sahibkarlar üçün də imkan yarada bilər ki, onlar da bu sahəni öz əllərinə alsınlar, kəndlilərə və fermerlərə əkin və digər xidmətləri göstərsinlər. Azərbaycanda bunun üçün heç bir problem yoxdur və hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait xərcləməyə də ehtiyac olmayacaq.

Bu sahədə çalışanlar və onlara rəhbərlik edənlər dövlət büdəsindən yüz milyonlarla vəsaiti alır və korrupsiyaya geniş yol açılır. “Aqrolizinq” ASC keyfiyyətdə maraqlı deyil və bazarda tək olduğuna görə qiyməti də özü diqtə edir. İndiki şəraitdə bizim fermerlər bu qurumdan şikayətçidirlər. Baxın, dünən kəndlilərimiz çəltik əkinini əllə həyata keçiriblər. Onlar ki“Aqrolizinq”ə müraciət ediblər və qurum cavabında bildirib ki, sizin əkin sahəniz balaca olduğuna görə texnika verə bilmərik. Bu qurum həm digərlərinin texnika gətirməyinə imkan vermir, həm də özləri xidməti həyata keçirməkdən imtina edirlər. Düşünürlər ki, balaca sahəyə texnika vermək onlara sərf etməyəcək.

Bu cür qurumlar bir sıra ölkələrdə yaranmışdı və heç bir fayda vermədi. Hətta Rusiyada nazir “Aqrolizinq”dən korrupsiya mənbəyi kimi istifadə etmişdi. Bu baxımdan bir daha təkrar edirəm ki, “Aqrolizinq”in fəaliyyəti dayandırılmalı və bu istiqamətdə müstəqil sahibkarların yaranmasına şərait yaradılmalıdır.

Aqrar sahənin aparıcı rola sahib ola bilməməsində isə çox ciddi səbəblər var. İlk növbədə, bu sahədə rəqabət qabiliyyəti və biznes mühitinin yaradılmamasıdır. Bizim kəndlilər və fermerlər istehsal etdikləri məhsulu bazara çıxara bilmirlər. Çünki bazar inhisardadır. Onlar bu gün əldə etdikləri istehsal vasitələrini yalnız bir mənbədən – “Aqrolizinq”dən əldə edirlər. Yəni, alternativ seçim yoxdur və əldə etdikləri istehsal vasitələri də keyfiyyətcə aşağı olur.

Digər tərəfdən, kəndilər və fermerlərin bir sıra problemləri öz həllini tapmır.Ucuz kredit resurslarına əl çatanlıq yoxdur. Digər ölkələrdə ilk dörd həftə 5-6%-ə belə kəndlilər çox asanlıqla kredit ala bilirlər. Azərbaycanda isə bu göstərici 30%-ə çatır. Halbuki ölkədə elə sahə yoxdur ki, 30%-lik rentabellik olsun. Bundan başqa, aqrar sahədə kadr çatışmamazlığı və idarə edənlərin qeyri-peşəkarlığı mövcuddur. Eyni zamanda elmi potensialın zəifliyi və buna görə toxumçuluğun zəif inkişaf etməsini də göstərmək olar. Yəni, aqrar sahənin inkişafdan qalması üçün kifayət qədər ciddi problemlər var”.

1-03-2018, 08:12



Fikirlər