“Azərsu” ASC-də köhnə idarənin sənədlərini tanımırlar?

“Azərsu” ASC-də köhnə idarənin sənədlərini tanımırlar?

Fevralın 12-də Qafqaznews.az saytında ““Azərsu” rəhbərinin qohumu Xətai sakinlərini incidir” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə bildirilirdi ki,Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən “KAT”MTK Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı Bəhruz Hüseynov Qafqaznews.az saytına müraciət edib. O qeyd edib ki, təmsil etdiyi “KAT” MTK 1998-ci ildə yuxarıda göstərilən ünvanda “şəhərcik” salıb və son binanın inşası 2006-cı ildə başa çatıb: “Bu şəhərcikdə 10 bina var. Həmin binaların su təchizatı problemi 1998-ci ildə tərəfimizdən həll olunub və sayğaclar quraşdırılıb.

Bu müddətdə mənzillərdən topladığımız kommunal xərcləri ilə əvvəl hər ay 580 manat, sonra 650 manat pul ödəmişik. 2012-ci ildən etibarən isə Xətai Su-Kanal İdarəsindən 1500 manat tələb etməyə başladılar”. O bildirib ki, kart sisteminə keçid zamanı şəhərcikdə yerləşən 250 mənzildə yeni sayğaclar quraşdırılması üçün “Azərsu”ya müraciət ediblər, lakin onlara bildirilib ki, “KAT” MTK bu sayğacları özü quraşdırmalıdır:

“Biz hər mənzildən pul yığıb bu işi görə bilmərik. Əgər digər binalarda köynə sayğaclar yeniləri ilə əvəzlənibsə, eyni qayda bizim binalarda da tətbiq olunmalıdır”. O qeyd edib ki, 2013-2014-cü illərdə Xətai Su-Kanal İdarəsində Müştəri Xidməti Şöbəsinin rəisi olan Nicat Həşimova dəfələrlə müraciət etsələr də, hər zaman rədd cavabı ilə üzləşiblər: “Nicat müəllim dedi ki, bundan sonra hər ay 1500 manat verməlisiniz. Borunun diametrini bəhanə edib, daha çox pul istəyirdi. Kart sisteminə keçməklə bağlı isə Nicat Həşimovla danışmaq mümkün olmadı.

“Mən belə deyirəm”, “Qorxmaz Hüseynovun qohumuyam”, “Get kimə şikayət edirsən, et” kimi kobud ifadələrə yol verdi. Hər dəfə də bildirişləri müxtəlif adamlara qol çəkdirib bizə göndərirdi”.

B.Hüseynovun sözlərinə görə, hazırda “Azərsu” onlardan 40-45 minə yaxın borc tələb edir: “Məbləğ çox olduğu üçün, biz verməkdən imtina etdik və dedik ki, gəlib sayğac qoysunlar, ya da supulunu sakinlərdən özləri toplasınlar. Lakin bu müddətdə üzərimizə borc yazılır və şəhərciyin suyunu kəsməklə təhdid edirlər.

2011-2012-ci illərdə dəfələrlə Xətai Su-Kanal Departamentinin rəisi İntiqam Tağıyevə, Bakı Su-Kanal İdarəsinin rəisi Habil Quliyevə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova ərizə yazmışıq. Amma indiyə qədər ərizələrimizin heç birnə cavab ala bilməmişik”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamışdıq, o isə məsələni araşdıracağını demişdi. Bir neçə gün sonra, Qafqaznews.az saytı olaraq ona zəng etdik. A.Cəbrayıllı bildirdi ki, bu məsələdə “KAT” MTK-nın mövqeyi yanlışdır: “Onlar öz hesablarına mənzillərə sayğac qoydurmalı, üstəgəl, borclarını da ödəməlidirlər. “Azərsu”nun başqa heç bir öhdəçiliyi yoxdur. Özbaşına sayğac qoyublar. Soruşun görün, o sayğaclarda bir dəfə dövlət yoxlaması olub?”. O, Abşeron Su Kanal İdarəsi tərəfindən sayğac qoyulduğunu xatırladan əməkdaşımıza bildirib ki, o sayğacların heç bir hüquqi əsası yoxdur. “Bəs 680 manat ödəniş sonra niyə 1500 manat oldu?” sualına isə “Azərsu” nümayəndəsi belə cavab verib: “Əvvəl məskunlaşma az idi, sonra 30 faiz, 50 faiz artıb. Nəticədə su sərfiyyatı da çoxalıb”.

“Qorxmaz Hüseynovun qohumu olduğunu deyən Nicat Həşimov barədə nə deyə bilərsiniz?” – deyə əməkdaşımız soruşub. “O adam 1 ildir orda işləmir. Qohumluq məsələsində heç nə deyə bilmərəm”, – deyə A.Cəbrayıllı əlavə edib. Məsələ ilə bağlı Qafqaznews.az-a münasibət bildirən Mehman Muradlı bildirib ki, “Azərsu” ASC 2004-cü ildəyaradılsa da, köhnə qurumun “varis”i və davamçısı sayılır.

“Əgər bu ASC köhnə qurumun bazasında yaradılıbsa, o zaman sözügedən MTK ilə bağlanılan müqavilənin də hüquqi əsası var. Prinsipcə, köhnə sayğaclar “Azərsu” tərəfindən yenilənməli idi”, – deyə hüquqşünas qeyd edib. “Bəs “Dövlət tərəfindən yoxlanılması” məsələsi nə deməkdir?”, – deyə jurnalistimiz soruşub.

“Bu sayğacları yoxlamaq “Azərsu” işçilərinin vəzifəsi idi. Əgər yoxlamayıblarsa, deməli, zərurət görməyiblər. Onlar pul alıblar, qəbz yazıblar, bəs özbaşına qoyulan sayğaclar idisə, niyə tədbir görülmürdü? Aydın məsələdir ki, kimlərsə öz səlahiyyətlərindən sui-istifadə, ya da səhlənkarlıq ediblər”, – deyə Mehman Muradlı əlavə edib. Mövzunu diqqətdə saxlayacağıq. Əlavə fikir və iradları dərc etməyə hazırıq.

17-02-2016, 14:20



Fikirlər