Türk Dünyası Transplantasiya Dərnəyi yaradıldı

Türk Dünyası Transplantasiya Dərnəyi yaradıldı
Dünya tibbi statistikasına görə, şəkərli diabet, hipertoniya xəstəliyi və digər səbəblərdən böyrək çatışmazlığı olan xəstələrin sayı durmadan artır.

Bu gün ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrdə hər 1 milyon nəfər insanın 2000 nəfərindən çoxu böyrək əvəzlənməsi ilə bağlı (hemodializ, böyrək köçürülməsi) müalicə alır.

Bundan əlavə, bu gün dünyada təxminən 700 milyon nəfərə yaxın hepatitli xəstənin olması gələcəkdə qaraciyərin sirrozu, karsinoması və ya digər səbəblərdən orqan köçürmə əməliyyatlarının sayının artması ehtimalını daha da gücləndirir. Buna görə də dünyanın aparıcı dövlətləri, bu sahədə çalışan tanınmış mütəxəssislər transplantasiya işinin təkmilləşdirilməsi məqsədilə ciddi tədbirlər görürlər.

Azərbaycanda böyrək köçürmə əməliyyatına mərhum akademik M.Cavadzadənin rəhbərliyi altında hələ 1971-ci ildən başlanılsa da, müxtəlif səbəblərdən bu proses xeyli müddət davam etdirilmədi. Yalnız 1998-ci ildə mərhum prezident Heydər Əliyev insan orqan və ya toxumalarının transplantasiyası haqda qanun, 2009-cu ildə isə prezident İlham Əliyev Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmiri və böyrək köçürülmə şöbəsinin yaradılması barədə sərəncam imzalayandan sonra bu sahəyə dövlət qayğısı artırıldı və dinamik inkişaf sürətləndi. Beləliklə, 2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında böyrək və qaraciyər köçürməsi, 2013-cü ildən isə M.Cavadzadə adına Uroloji Xəstəxanada canlı donordan böyrək köçürmə əməliyyatlarına başlanıldı və bu günədək yüzlərlə uğurlu orqan köçürmə əməliyyatı həyata keçirildi. Bununla belə, hələ də çoxlu sayda xəstə orqan köçürmə əməliyyatı gözləyir.

Son illər qatıldığım bir çox elmi-praktik konqreslərdə əmin oldum ki, Azərbaycanda transplantasiya aktivliyinin artması zəruridir. Bu sahədə başda qardaş türk həmkarlarımız olmaqla dünya transplantoloqlarının inteqrasiyasına ehtiyac var. 2014-cü ilin sentyabrında Orta Şərq Orqan Transplantasiya Cəmiyyətinin (MESOT) 14-cü İstanbul Konqresində Türkiyədə ilk böyrək köçürmə əməliyyatı, dünyada ilk hissəvi qaraciyər köçürmə əməliyyatı həyata keçirmiş, dünyaca məşhur cərrah, Azərbaycanın böyük dostu Mehmet Haberal bizimlə görüşündə Azərbaycanı və digər türk Cümhuriyyətlərini əhatə edən transplantasiya cəmiyyətinin yaranmasının zəruriliyini bildirdi, bu işdə hər cür dəstək verməyə hazır olduğunu vurğuladı. Bu prosesin nəticəsi olaraq bu il yanvarın 29-da Ankarada Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) ilk toplantısı keçirildi.

Açılışda çıxış edən Mehmet Haberalın ilk sözü bu oldu: "Mərhum Azərbaycan cumhur başqanı Heydər Əliyev deyirdi ki, "Biz bir millət, iki dövlətik". Bu gün burada bir millət altı dövlətin nümayəndələri iştirak edir. Türk Cümhuriyyətləri üçün əlimizdən gələni etməyə çalışırıq".

Qeyd edək ki, TDTD-in yaradılmasında məqsəd Türkiyə və Azərbaycanda, eləcə də Orta Asiya dövlətlərində - Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanda transplantalogiyanın inkişafı, qarşılıqlı elmi-praktik əlaqələrin genişləndirilməsi, ilk dövrdə bu sahədə böyük təcrübəyə malik olan Türkiyə alimlərinin təcrübəsindən yararlanmaq, elmi konfrans və simpoziumlar keçirmək və kadr hazırlığına kömək etməkdən ibarətdir. TDTD-in ilk toplantısında hər ölkənin təmsilçiləri təsdiqləndi. Azərbaycanı bu görüşdə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev və "Medservis" Ö.T.M.-nin direktoru Hikmət İsmayılov təmsil etdilər. Toplantının sənədləri iştirakçı dövlətlərin səhiyyə nazirliklərinə göndərildi. İclasda hər bir ölkədə transplantalogiya və nevrologiyanın hazırkı vəziyyəti müzakirə olundu, tanıtım xarakterli qarşılıqlı fikir mübadiləsi aparıldı. Azərbaycan təmsilçiləri son illərdə ölkəmizdə bu sahədə Səhiyyə Nazirliyi tərəfindən görülən işlər, "Xroniki böyrək çatışmazlığı" Dövlət Proqramı haqda məlumat verdilər. Bildirildi ki, hal-hazırda ölkədə 32 dializ mərkəzində 2700-ə qədər xəstə dövlət hesabına hemodializlə təmin olunur, son 3 ildə böyrək və qaraciyər transplantasiyası əməliyyatları icra olunur, artıq yerli mütəxəssislər tərəfindən 150-ə qədər belə əməliyyat uğurla həyata keçirilib.


Qurumun yaranması başda Azərbaycan Nevroloji Assosasiyasının sədri, professor Mehman Ağayev, Azərbaycan Respublikası Transplantoloji Assosasiyasının sədri, professor Kamal Abdullayev və digər mütəxəssislər tərəfindən müsbət qarşılandı. Görüşün sonunda bu ilin may ayında Qazaxıstanın paytaxtı Astanada TDTD-in ilk konfransının keçirilməsi qərara alındı. Konfransda Azərbaycan alimlərinin də iştirakı planlaşdırılır. Düşünürük ki, bu sahədə olan dövlət proqramları, həkimlərimizin əzmkarlığı Azərbaycanda bu işin daha sürətli və keyfiyyətli inkişafına təkan verəcək.

18-02-2015, 20:35



Fikirlər