Azərbaycanda qurbanlıq qoyunlar neçəyə satılacaq?

Azərbaycanda qurbanlıq  qoyunlar neçəyə satılacaq?

Sentyabrın 24-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakı ətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayacaq.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Murtuzəli Hacıyevin verdiyi məlumata görə, ət kəsimi məntəqələrində qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq: "Qiymət artımı olmayacaq. Bazarlara nisbətən daha ucuz təklif olunacaq. Eyni zamanda bu yarmarkalar bazarların özünə təsir edəcək. Orada da qiymət artımına yol verilməyəcək. Nazirlik tərəfindən sahibkarlara tövsiyə olunub ki, ötən ilə nisbətən bu il bazara daha çox qurbanlıq heyvan çıxarsınlar".
Murtuzəli Hacıyev onu da bildirib ki, ötən il olduğu kimi, bu il də təşkil olunacaq ət kəsimi məntəqələrində qurbanlıq qoyunların kəsilməsi pulsuz aparılacaq. Bunun üçün hər bir məntəqəyə xüsusi qəssablar təyin edilib: "Heyvanların kəsiminə və ətin keyfiyyətinə tam nəzarət olunacaq. Sabahdan etibarən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyərək, kəsim məntəqələrinə səfərbər olunacaqlar. Eyni zamanda nazirlik tərəfindən səyyar kəsim laboratoriyaları fəaliyyətə başlayacaq. Burada istənilən şəxs ətin keyfiyyətini tam yoxlada biləcək".
Şəhərdə fəaliyyətə başlayacaq ət kəsimi məntəqələrinə də baş çəkdik. Öyrəndik ki, məntəqələrdə ət kəsimi bir sıra şərtlər əsasında həyata keçiriləcək.
Göstərişə əsasən, ət kəsimi zamanı xüsusi sanitar qaydalara əməl olunmalıdır. Bu səbəbdən də paytaxtda ayrılan ət kəsimi məntəqələrində artıq hazırlıq işlərinə başlanılıb. Hazırda Nərimanov rayonu ərazisində yaradılan ət kəsimi məntəqəsindəyik. Burada xüsusi avadanlıqlar quraşdırılıb və ərazi təmizlənərək hazır vəziyyətə gətirilib.
Qəssablarla apardığımız söhbət zamanı məlum oldu ki, bayram günlərində ət kəsimi məntəqəsində adi günlərdən fərqli olaraq, adətən alıcı sıxlığı müşahidə olunur. Qurbanlıq qoyunların kəsilməsi də xüsusi üsullarla həyata keçirilir.
Qəssab Elnur Məmmədov deyir ki, qurbanlıq qoyunların kəsilməsi prosesi bir qədər fərqlidir. Onlar kəsilərkən xüsusi dua oxunur. Biz adi günlərdə qoyun kəsən zaman sadəcə "bismillah" deyirik. Amma niyyət qoyunları və qurbanlıq qoyunların kəsimi zamanı duanın oxunması vacibdir".
Məntəqədə qurbanlıq qoyunların qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, çəkisindən asılı olaraq burada qiymətlər 120 manatdan 150 manatadək dəyişir.
Qəssab Yasər Hüseynovun sözlərinə görə, qoyunları Bərdə bazarından alırlar: "Alarkən də xüsusi fikir verdiyimiz məqam qoyunların sağlamlıq durumunun normal olmasıdır. Eyni zamanda qurbanlıq qoyunları 6 aylıqdan tez kəsmək olmaz. Buynuzu qırıq, qulağı deşik və ya hər hansı fiziki sağlamlığı olmayan qoyunları biz Qurban bayramında satmırıq".
Paytaxtda yerləşən səyyar satış məntəqələrində isə artıq satıcılar mallarını satır, alıcılarda münasib qiymətə qurbanlıq qoyunlarını alırdılar.
Satıcı Həzi Quliyev bildirir ki, qoyun ətinin kilosu 9 manatdır: "Biz bayramdan əvvəl də bu qiymətə satmışıq. Diri qoyunların qiyməti 110 manatdan başlayır, 150 manata kimi dəyişir. Təbii ki, qoyunun çəkisindən asılıdır. Qeyd edim ki, alıcılar daha çox 120-130 manat arası olan qoyunları alırlar".
Hələ ki, qiymətlərdən razı qalan alıcılar da var, seçimində tərəddüd edən müştərilər də. Bayrama isə bir neçə gün qalmasına baxmayaraq, bazarlarda o qədər də aktivlik hiss olunmur. Reallıq odur ki, hər il bayrama bir gün qalmış qiymətlərdə artım müşahidə edilir. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Xidmətindən bildirirlər ki, bu yarmarkalarda qiymətlərə nəzarət ediləcək. Süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
Aliyə

24-09-2015, 11:15



Fikirlər